Xəbər lenti

Gürcüstan DTX-nin keçmiş rəis müavini həbs edildi - Rüşvət işi
Dünya 19:15 24.05.2026

Gürcüstan DTX-nin keçmiş rəis müavini həbs edildi - Rüşvət işi

Tiflis Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəis müavini, general-mayor Levan Axobadzeni iri məbləğdə rüşvət alma işi üzrə iki aylıq həbs eeib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Interpressnews” məlumat yayıb.

İstintaqın məlumatına görə, 2024-cü ilin aprelində Axobadze Gürcüstanda daimi yaşamaq istəyən bir Rusiya vətəndaşının Kazbeqi sərhəd-gömrük keçid məntəqəsindən 40 milyon rublu (2024-cü il məzənnəsi ilə 1,164 milyon lari və ya 437 min ABŞ dolları) bəyan etmədən keçirməyə cəhd etdiyini öyrənib.

Gürcüstan qanunvericiliyinə əsasən, belə hallarda bəyan edilməmiş məbləğin 10 faizi həcmində cərimə və ya vəsaitin tam şəkildə dövlət büdcəsinə müsadirəsi nəzərdə tutulur. Rusiya vətəndaşının pulu müsadirə edilib və o, cəriməni ödəməyə hazır olduğunu bildirsə də, Gürcüstan Gəlirlər Xidməti vəsaiti geri qaytarmaqdan imtina edib.

Bundan sonra Levan Axobadze sahibkarla əlaqə saxlayaraq məsələnin həllinə kömək edə biləcəyini bildirib. Lakin bunun qarşılığında rusiyalı sahibkardan dövlət büdcəsinə cərimə ödəməklə yanaşı, şəxsən ona 500 min lari (təxminən 188 min dollar) verməsini tələb edib.

Məlumata görə, həmin dövrdə DTX rəhbəri olan Qriqol Liluashvilinin müdaxiləsindən sonra məbləğ 250 min lariyə (təxminən 94 min dollar) endirilib. Rusiyalı sahibkar pulu Axobadzeyə DTX binasındakı kabinetində təqdim edib.

Levan Axobadze bu ilin 22 aprelində evində saxlanılıb. Axtarış zamanı böyük məbləğdə pul vəsaiti götürülüb.

Onun barəsində cinayət işi açılıb və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Keçmiş DTX rəhbəri Qriqol Liluashvili isə digər cinayət işləri üzrə ittiham olunur və hazırda keçmiş məmurlar üçün nəzərdə tutulmuş Rustavi həbsxanasında hökm gözləyir.

"Kommersant” qəzetinin məlumatına görə, məhz Liluashvili istintaqa Levan Axobadzenin fəaliyyəti barədə məlumat verib. Bildirilir ki, Axobadze də ifadəsində keçmiş rəhbərinin türkiyəli iş adamından 1 milyon dollar rüşvət aldığını söyləyib.
 
Aydın
--> -->