Bir qrup şəxs xaricdə işlə təmin olunacaqları adı ilə aldadıldıqlarını deyirlər (VİDEO)
Xaricdə iş ümidi ilə müraciət edən şəxslər indi həm vaxt itirdiklərini, həm də ödədikləri pulu geri ala bilmədiklərini iddia edirlər. Şikayətçilərin sözlərinə görə, onlar sosial şəbəkələrdə xaricdə iş imkanı ilə bağlı paylaşımlardan sonra "Dünya Viza Dəstəyi" adlı şirkətə müraciət ediblər.
Onlar bildirirlər ki, şirkətin rəhbəri kimi təqdim olunan Ruslan Hüseynovla müqavilə bağlayıblar və Almaniya, İngiltərə, İsrail, Polşa kimi ölkələrdə işə düzələcəkləri vəd edilib. Onların iddiasına görə, bu xidmət qarşılığında hər şəxsdən təxminən 2 min manatdan 4 min manatadək məbləğ alınıb. Onlara 2-3 ay ərzində xaricə göndəriləcəkləri bildirilsə də, proses aylarla uzanıb.
Şikayətçilər bildirirlər ki, bir müddət sonra "Dünya Viza Dəstəyi"nin fəaliyyəti dayandırılıb. Onların sözlərinə görə, bundan sonra Ruslan Hüseynov onları qardaşı Samir Hüseynova yönləndirib. Müsahiblərimiz iddia edirlər ki, "SM Travel" şirkətinin rəhbəri kimi təqdim olunan Samir Hüseynov yarımçıq qalan prosesin davam etdiriləcəyini və xaricə işə göndərilmələrinin təmin olunacağını bildirib. Lakin bu vəd də yerinə yetirilməyib. Onlar hazırda ödədikləri məbləğin geri qaytarılmasını tələb edirlər.
Xəzər TV məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb Ruslan Hüseynovla telefon əlaqəsi saxlamaq cəhdləri nəticəsiz qalıb, zənglərə cavab verilməyib.
Samir Hüseynovun rəhbəri olduğu bildirilən "SM Travel" şirkətindən isə şifahi olaraq bildirilib ki, Samir Hüseynov hazırda işdə deyil. Onunla telefon əlaqəsi yaradılıb. O bildirib ki, həmin şəxslərin xaricə göndərilməməsinin əsas səbəblərindən biri İran-İsrail müharibəsidir. Həmin müharibə səbəbindən viza məsələlərində problem yaranıb. Samir Hüseynov onu da qeyd edib ki, həmin şəxslərdən bəziləri İsraildə işlə təmin edilməsi üçün addımlar atılacaq. İşlə təmin edilə bilməyənlərin isə müqavilə əsasında ödənişləri geri qaytarılacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər