Xəbər lenti

Afrika
Dünya 17:47 24.05.2026

Afrika "Böyük yaşıl divar" tikir: Özlərini nədən qorunmaq istəyirlər?

Afrikanın 11 ölkəsi dünyanın ən böyük ekoloji layihələrindən biri sayılan "Böyük yaşıl divar” ("Great Green Wall”) təşəbbüsünü həyata keçirməyə davam edir. Layihənin məqsədi Sahara səhrasının genişlənməsinin qarşısını almaq və Sahel bölgəsinin münbit torpaqlarını qorumaqdır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax” nəşri yazır.

Layihə Afrikanın şərqində yerləşən Cibutidən qərbdəki Seneqala qədər uzanan təxminən 8000 kilometrlik nəhəng yaşıllıq zolağının yaradılmasını nəzərdə tutur. Təşəbbüsün əsas məqsədi səhralaşmanı yavaşlatmaq, deqradasiyaya uğramış torpaqları bərpa etmək və həyatı kənd təsərrüfatından asılı olan milyonlarla insanı qorumaqdır.

Plana əsasən, 2030-cu ilə qədər layihə çərçivəsində təxminən 100 milyon hektar deqradasiyaya uğramış torpaq bərpa edilməli, 250 milyon tona yaxın CO₂ udulmalı və 10 milyona qədər "yaşıl” iş yeri yaradılmalıdır.

Layihə müəllifləri hesab edirlər ki, genişmiqyaslı ağacəkmə və ekosistemlərin bərpası torpağın sabitləşməsinə, quraqlığın təsirlərinin azalmasına və dünyanın ən həssas bölgələrindən birində kənd icmalarının dəstəklənməsinə kömək edəcək.

Əslində söhbət Sahara səhrasının irəliləməsinə qarşı təbii baryer rolunu oynayacaq nəhəng "yaşıl kəmər”in yaradılmasından gedir.

Təşəbbüs təxminən 19 il əvvəl Afrika dövlətləri və beynəlxalq təşkilatların dəstəyi ilə başladılıb. Lakin iddialı planlara baxmayaraq, layihənin icrası gözlənildiyindən daha yavaş gedir. Mətbuatın məlumatına görə, layihə hələlik yalnız təxminən 18 faiz tamamlanıb.

Ən nəzərəçarpan nəticələr Efiopiya, Seneqal və Nigeriyada əldə olunub. Bu ölkələrdə artıq böyük torpaq sahələri bərpa edilib. Amma əksər ölkələrdə işlər ləng şəkildə davam edir.

Layihənin həyata keçirilməsini siyasi qeyri-sabitlik, hərbi çevrilişlər, korrupsiya, zəif infrastruktur və maliyyə idarəçiliyi problemləri çətinləşdirir. Təşəbbüsün ümumi büdcəsi təxminən 31 milyard dollar qiymətləndirilir.

Sahel bölgəsi — Sahara səhrası ilə savannalar arasında yerləşən keçid zonası — sürətlə quruyur. BMT-nin məlumatına görə, səhra hər il təxminən 45–60 santimetr irəliləyir. Bundan əlavə, son yüz ildə bölgədə temperatur dünya orta göstəricisindən təxminən 1,5°C daha çox artıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, genişmiqyaslı tədbirlər görülməzsə, torpaqların deqradasiyası böyük miqrasiya böhranına səbəb ola bilər.

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər təxminən 250 milyon insan yaşayış və kənd təsərrüfatı üçün yararlı ərazilərin itirilməsi səbəbindən evlərini tərk etməyə məcbur qala bilər.
 
Aydın
--> -->