Xəbər lenti

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası
Dünya 23:35 24.05.2026

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası

Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır.
 
Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Yer üzündə indiyə qədər qeydə alınmış ən güclü səs insan fəaliyyətindən deyil, təbiətin öz qüvvəsindən qaynaqlanır.

İnsan tərəfindən yaradılan ən güclü səs isə Soyuq müharibə dövründə qeydə alınıb. Sovet İttifaqı 1961-ci il 30 oktyabr tarixində "Çar Bombası”nı partladaraq tarixdəki ən böyük nüvə silahını sınaqdan keçirdi. 50 meqaton gücündə olan bu partlayış İkinci Dünya müharibəsində Xirosimaya atılan atom bombasından təxminən 3800 dəfə güclü idi.

Bu partlayış təxminən 224 desibel gücündə səs yaratdı. Müqayisə üçün, insan nəfəsi təxminən 10 desibel, səsli elektrikli qazma aləti isə 95 desibel civarındadır. Loqarifmik ölçü olan desibel şkalasında hər 20 desibel artım səsin gücünü 100 dəfə artırır. Buna görə 224 desibel olduqca ekstremal bir səviyyə hesab olunur.

Sibirdə meşələri məhv edən partlayış

Təbii fəlakətlər isə səs gücü baxımından insan texnologiyalarını belə kölgədə qoyur. Bu sahədə ən güclü hadisələrdən biri Tunguska hadisəsidir. 1908-ci il 30 iyun səhəri Rusiyanın Sibir bölgəsində, Podkamennaya Tunguska çayı yaxınlığında güclü partlayış baş verdi.

Təxminən 10–20 meqaton gücündə olduğu təxmin edilən bu hadisə London böyüklüyündə bir meşə sahəsini məhv etdi. Partlayış səsi min kilometr uzaqlıqdan belə eşidilmişdi. Hadisə yerindən 60 kilometr məsafədə olan insanlar şok dalğasının təsiri ilə yerə yıxılmışdı. Tunguska partlayışının təxminən 300 desibel gücünə çatdığı güman edilir.

Planeti üç dəfə dövr edən şok dalğası

Lakin "ən yüksək səs” titulu Tunguskaya deyil, 1883-cü ildə baş verən Krakatau vulkan püskürməsinə aiddir. Təxminən 200 meqaton gücündə olan bu püskürmə 60 min insanın ölümünə səbəb olmuşdu.

Ətrafdakı dənizçilərin qulaq pərdələrini zədələyəcək qədər güclü olan bu səs 160 kilometr uzaqlıqda belə 172 desibel səviyyəsində hiss edilirdi. Hadisə yerindən 64 kilometr uzaqda olan "RMS Norham Castle” gəmisinin kapitanı gündəliyində ekipaj üzvlərinin yarıdan çoxunun qulaq pərdələrinin zədələndiyini yazmışdı.

Krakatau püskürməsi sadəcə səs dalğası deyil, şok dalğası xarakteri daşıyırdı. Təxminən 4800 kilometr məsafədən belə eşidilən bu hadisə Yer kürəsini üç dəfə dövr etmişdi. Alimlərin hesablamalarına görə, bu səs təxminən 310 desibel gücünə çatmışdı.

Müqayisə üçün, 1970-ci illərdə Miçiqanda qeydə alınan və "dünyanın ən güclü qaz səsi” kimi zarafatla adlandırılan 118,1 desibel səviyyəsi belə bu təbii fəlakətin yanında olduqca zəif qalır.

Aydın
--> -->