Xəbər lenti

30 illik jurnalistin ən vəhşi 10 qatil siyahısı:
Dünya 17:21 24.05.2026

30 illik jurnalistin ən vəhşi 10 qatil siyahısı: "Canavarlarla üz-üzə gəldim" (FOTO)

Təcrübəli jurnalist Stiven Rayt "Daily Mail” üçün 30 ildən artıq fəaliyyəti ərzində yüzlərlə qətl işini izlədiyini bildirərək, "Canavarlarla dəfələrlə üz-üzə gəldim” deyib.
 
Qaynarinfo xəbər verir ki, Rayt ən ağır cinayətkarlar arasında gördüyü 10 nəfəri "indiyədək qarşılaşdığı ən vəhşi qatillər” kimi xarakterizə edib.

Rozmari Vest: 10 gənc qadını öldürüb
 


Rayt Rozmari Vesti "ən narahatedici müttəhimlərdən biri” adlandırıb.

Jurnalist 1995-ci ildə Vinçesterdə keçirilən və yeddi həftə davam edən məhkəmə prosesində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Vest zahirdə "dindar və adi qadın” təsiri bağışlasa da, əslində Qloster şəhərində "Qorxu evi” kimi tanınan evdə çox sayda gənc qadının öldürülməsinə görə məsuliyyət daşıyıb.

Vest qızları və ögey qızları da daxil olmaqla 10 gənc qadının qətlinə görə məhkum edilib.

Rurik Juttinq
 


Rayt Kembric məzunu keçmiş bankir Rurik Juttinqin iki gənc indoneziyalı seks işçisini öldürmək ittihamı ilə mühakimə olunduğunu yazıb.

Jurnalistin sözlərinə görə, müttəhim məhkəmədə emosiyasız davranışları ilə diqqət çəkib və sanki törətdiyi cinayətləri yenidən yaşayırmış kimi təsir bağışlayıb.

Dr. Harold Şipman
 


"Dr. Death” ("Ölüm doktoru”) ləqəbi ilə tanınan ailə həkimi Harold Şipmanın "Britaniya tarixinin ən qeyri-adi serial qatili” olduğu qeyd edilib. Rayt bildirib ki, Şipman 15 qətldə təqsirli bilinsə də, real qurban sayının təxminən 250 nəfərə çatdığı ehtimal olunur.

Şipman xəstələrini morfin tərkibli maddələrlə öldürür, daha sonra isə izləri gizlətmək üçün tibbi qeydləri saxtalaşdırırdı.

Şeron Karr
 


Rayt 17 yaşında məhkəmə qarşısına çıxarılan Şeron Karrın Britaniyanın ən gənc qadın qatili olduğunu yazıb. Bildirilir ki, Karr 12 yaşında bir bərbəri öldürüb və sonradan başqa hücumlarda da iştirak edib.

Onun keçmişində zorakılıq, narkotik istifadəsi və aqressiv davranışların olduğu qeyd olunub.

İan Huntley
 


İan Huntley iki 10 yaşlı qız uşağını öldürməkdə və azyaşlılara qarşı cinsi zorakılıqda təqsirli bilinib.

Raytın sözlərinə görə, Huntley məhkəmədə həqiqətləri təhrif edən müdafiə çıxışları edib və bu, ictimaiyyətdə böyük qəzəb yaradıb.

Huntley 2003-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.

Viktor Farrant
 


"Şərab barı psixopatı” kimi tanınan keçmiş ordu mayoru Viktor Farrantın qadınları sistemli şəkildə hədəfə aldığı bildirilib. O, iki qadına hücum edib, onlardan birini şərab şüşəsi ilə başına vuraraq öldürüb, digərini isə ağır yaralayıb.

Farrant 1998-ci ildə ömürlük həbs cəzası alıb.

Levi Bellfield: Canavarın insan formasına düşmüş halı
 


Rayt Levi Bellfieldi "qadınlara qarşı patoloji nifrət bəsləyən psixopat” kimi təsvir edib.

Bellfield Milli Dovler də daxil olmaqla üç gənc qadının qətlində təqsirli bilinib və ömürlük həbsə məhkum olunub.

Jurnalistin fikrincə, Bellfield həm görünüşü, həm də törətdiyi cinayətlərlə "canavarın insan bədənindəki təcəssümü” təsiri bağışlayıb.

Robert Napper
 


Robert Napperin gənc bir qadının qətli və digər hücumlarla əlaqəli olduğu bildirilib. Psixiatrik problemləri səbəbilə bəzi işlərdə məsuliyyətinin qismən azaldıldığı qeyd olunub.

Napper yüksək təhlükəsizlikli psixiatriya müəssisəsinə göndərilib.

Learco Çindamo
 


16 yaşında məktəb direktoru Filip Lourensi öldürməkdə mühakimə olunan Çindamonun cinayətkar dəstə əlaqələri və zorakılıq keçmişi olduğu bildirilib. O, qətldə təqsirli bilinib.

Viktorino Çua
 


Milli Səhiyyə Xidməti ("NHS”) tibb bacısı Viktorino Çua "Stepping Hill” xəstəxanasında iki xəstəni öldürmək və 19 xəstəni zəhərləməkdə təqsirli bilinib.

Məhkəmə onu "son dərəcə təhlükəli və pis niyyətli” şəxs kimi xarakterizə edib və 35 il həbs cəzasına məhkum edib.

Aydın
--> -->