Xəbər lenti

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı
Dünya 21:00 24.05.2026

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı əfsanəvi firon heykəlinin ikinci hissəsi aşkarlanıb. Tapıntı alimlər tərəfindən son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab olunur.

Qaynarinfo xəbər verir ki, "Daily Galaxy” nəşrinin məlumatına görə, 2024-cü ilin yanvarında Qahirənin cənubundakı Əl-Əşmuneyn bölgəsində aparılan qazıntılar zamanı arxeoloqlar üzü aşağı vəziyyətdə torpaq altında qalmış təxminən 4 metr hündürlüyündə əhəngdaşı gövdə aşkar ediblər.

Məqalədə qeyd olunub: "Daş ağır və məsaməli idi, həmçinin Nil çayının qrunt suları səviyyəsinə çox yaxın yerləşirdi. Heç kim onun ətraf mühitin təsirinə davam gətirəcəyinə zəmanət verə bilmirdi. Komanda əlavə qazıntılar apardıqdan sonra 94 il əvvəl həmin ərazidən çıxarılan aşağı hissənin cütü olan kral heykəlinin yuxarı hissəsinin yenidən üzə çıxdığını təsdiqləyə bildi".

Tapıntı Misir-Amerika arxeoloji qrupu tərəfindən aşkarlanıb. Qrupa Kolorado Universitetinin klassik filologiya professoru İvona Trnka-Amreyn və Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin nümayəndəsi Basem Gehad rəhbərlik edib.

Heykəlin üzərindəki çöküntülər təmizləndikdən sonra daşın gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğu müəyyənləşib. Səthdə hələ də mavi və sarı piqment izləri qalıb.

İvona Trnka-Amreyn bildirib: "Biz bunun orada ola biləcəyini düşünürdük, amma xüsusi olaraq axtarmırdıq. Bu tamamilə gözlənilməz oldu".

Aşağı hissə 1930-cu ildən bəri gözləyirdi

Alman arxeoloqu Günter Röder 1930-cu ildə bu heykəlin aşağı hissəsini aşkar etmişdi. Həmin hissə 94 il ərzində cütsüz fraqment kimi qalmışdı. 1980-ci illərdə Britaniya Muzeyinin komandası da eyni ərazidə işləsə də, yuxarı hissəni tapa bilməmişdi.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, tapılmış blok sabitləşdirildikdən sonra onun hündürlüyünün təxminən 3,8 metr olduğu müəyyən edilib.

Alimlər iki hissənin bir-birinə aid olduğunu iki əsas faktla əlaqələndiriblər:

* əhəngdaşının tərkibinin uyğunluğu;
* arxa sütunda II Ramzesə aid eyni kral titullarını daşıyan heroqlif yazılarının olması.

Ehtimal edilir ki, bu iki hissə birlikdə təxminən 7 metr hündürlüyündə nəhəng heykəl təşkil edib.

Fiqur alın hissəsində kral kobrası olan baş geyimi və ikiqat tac taxmış vəziyyətdə oturan fironu təsvir edir.

"Reuters”in məlumatına görə, heykəlin yerini müəyyən etmək üçün komanda torpaqaltı radar texnologiyasından istifadə edib. Bu üsul əsrlərlə torpaq qatları altında gizlənmiş blokun aşkar edilməsinə imkan verib.

Alimlərin sözlərinə görə, yuxarı hissə gözləniləndən daha zəngin vəziyyətdə qorunub. Hazırda daş üzərində qalan mavi və sarı piqmentlər, eləcə də boyanın içində qalmış torpaq nümunələri araşdırılır.

2026-cı ilin əvvəlində heykəlin iki hissəsi fiziki olaraq birləşdirilib. Bərpa işləri tamamlandıqdan sonra heykəlin tam hündürlüyünün 7 metrə çatacağı gözlənilir.

Misir Turizm və Qədim Əsərlər Nazirliyi heykəlin Qahirəyə daşınmasını deyil, tapıldığı ərazidə saxlanılmasını planlaşdırır.

Arxeoloji qazıntıların ikinci mərhələsinin 2026-cı ilin sonunda həyata keçirilməsi nəzərdə tutulur. Tədqiqatçılar Tot məbədinin şimal hissəsində heykəlin bir zamanlar yanında yerləşdiyi pilonun təməlini tapmağa ümid edirlər.

Mütəxəssislər bildirirlər ki, bu tip kolossal heykəllər adətən cüt şəkildə yerləşdirilirdi. Buna görə də yaxınlıqda ikinci bir heykəlin də torpaq altında qala biləcəyi ehtimal olunur.

Aydın
--> -->