Xəbər lenti

Britaniyada müxalif lider Rusiyanı telefonunu dinləməkdə ittiham etdi
Dünya 20:20 24.05.2026

Britaniyada müxalif lider Rusiyanı telefonunu dinləməkdə ittiham etdi

Böyük Britaniyanın müxalif "Reform UK” partiyasının lideri Naysel Farac korrupsiya qalmaqalı fonunda yaranan problemlərin "rus hakerləri” tərəfindən törədildiyini bildirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Mail on Sunday” nəşri məlumat yayıb.
 
Hazırda Faracın rəhbərlik etdiyi partiya ölkədə ən populyar siyasi qüvvələrdən biri hesab olunur.

Hazırda İcmalar Palatasının parlament standartları komitəsi Naysel Faraxın 2024-cü ildə kriptovalyuta milyarderi Kristofer Harborndan aldığı 5 milyon funt-sterlinqi rəsmi şəkildə bəyan edib-etmədiyini araşdırır.

"The Mail on Sunday” nəşrinin məlumatına görə, Farac həmin maliyyə dəstəyi barədə informasiyanın mediaya xarici dövlət agentləri tərəfindən ötürüldüyünü düşünür. O, məsələ ilə bağlı müraciət etdiyi ekspertlərin nəticələrinə istinad edərək bildirib ki, Moskva ilə əlaqəli düşmən dövlət subyektləri onun telefonuna, elektron poçtuna və bank hesablarına giriş əldə ediblər.

Naysel Farac qəzetə açıqlamasında deyib: "Rusiyanın bu hərəkətləri ciddi narahatlıq doğurur".

Rus hakerləri ilə bağlı ittihamlar Britaniyanın müdafiə naziri Con Hilinin Faraxdan 5 milyon funt-sterlinqin hər hansı hissəsinin Rusiya dövlətinə bağlı enerji şirkətləri ilə sövdələşmələr nəticəsində əldə edilmədiyinə dair təminat tələb etməsindən bir gün sonra ortaya çıxıb.

Bundan əvvəl Faracın partiyasının Uels bölməsinin rəhbəri "Rusiyapərəst bəyanatlar” müqabilində pul almaqda təqsirli bilinərək 10 il 6 ay həbs cəzasına məhkum edilib.

Aydın
--> -->