Vyurtsburq Universitetinin alimləri ilk dəfə olaraq Kardar–Parizi–Janq tənliyinin ikiölçülü sistemdə işlədiyini eksperimental şəkildə təsdiqləyiblər. Bu nəzəriyyə səthlərin böyüməsi və tarazlıqdankənar sistemlərin inkişafını izah edən əsas modellərdən biri hesab olunur.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Science” jurnalında dərc olunub.
Kardar–Parizi–Janq tənliyi 1986-cı ildə təsadüfilik və qeyri-xətti effektlərin eyni anda mövcud olduğu böyümə proseslərini təsvir etmək üçün irəli sürülüb. Daha sonra məlum olub ki, bu model kristalların böyüməsi, yanğının yayılması, populyasiya dinamikası və hətta maşın öyrənməsi alqoritmləri kimi çox fərqli sahələrə tətbiq oluna bilər.
Modelin əsas ideyası ondan ibarətdir ki, fərqli sistemlər eyni fundamental böyümə qanunlarına tabe ola bilər. Əvvəllər nəzəriyyənin proqnozları yalnız birölçülü sistemlərdə təsdiqlənmişdi. İkiölçülü sistemlərdə yoxlanılması isə uzun illər ərzində çətin problem olaraq qalırdı.
Təcrübə üçün tədqiqatçılar qallium arsenidinə əsaslanan kvant sistem yaradıb və onu mütləq sıfıra yaxın temperaturadək — təxminən −269°C-yə qədər soyudublar. Material lazerlə şüalandırılıb və nəticədə içəridə işıq və maddə xüsusiyyətlərini birləşdirən polariton adlı kvazi-zərrəciklər əmələ gəlib.
Polaritonlar yalnız bir neçə pikosaniyə mövcud olur və tarazlıqdankənar şəraitdə yaranır, bu da onları böyümə proseslərinin öyrənilməsi üçün əlverişli modelə çevirir.
"Biz sistemi lazerlə işıqlandırdıqda polaritonlar ‘böyüməyə’ başlayır. Yüksək dəqiqlikli metodlarla onların məkan və zamanda inkişafını izlədik və gördük ki, bu proses Kardar–Parizi–Janq modelinə tam uyğun gəlir”, – deyə tədqiqat müəlliflərindən Siddhartha Dam bildirib.
Təcrübədə materialın son dərəcə dəqiq tənzimlənməsi həlledici rol oynayıb. Alimlər fotonları kvant təbəqə daxilində saxlayan güzgü qatlarından ibarət çoxqatlı struktur hazırlayıblar. Qatların qalınlığı atom səviyyəsində idarə olunub.
Alimlərin fikrincə, Kardar–Parizi–Janq nəzəriyyəsinin ikiölçülü sistemdə universal şəkildə təsdiqlənməsi tarazlıqdankənar proseslərin izahında bu modelin nə qədər fundamental olduğunu göstərir.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr kondensə olunmuş maddə fizikası, materialşünaslıq və kvant texnologiyalarında mürəkkəb böyümə və öz-özünə təşkilatlanma proseslərinin daha yaxşı başa düşülməsinə kömək edə bilər.
Aydın
Şərhlər