Xəbər lenti

Saç və dərinin gözəl olması üçün nə içmək lazımdır?? - Ucuz resept
Sağlamlıq 22:46 09.05.2026

Saç və dərinin gözəl olması üçün nə içmək lazımdır?? - Ucuz resept

Nənələrimizin istifadə etdiyi sadə içki tərkibindəki vitaminlər və faydalı maddələr sayəsində saçları gücləndirə, dərinin və dırnaqların sağlam görünməsinə kömək edə bilər. Üstəlik, bu vasitə həm ucuz, həm də asan əldə olunandır. Lakin onun bəzi əks-göstərişləri də var. 

Qaynarinfo xəbər verir ki, maya əlavə olunaraq hazırlanan içki haqqında "WP kuchnia” nəşri yazıb.

Biz adətən mayanı xəmir hazırlığında istifadə edirik, lakin keçmişdə qida əlavəsi kimi də qəbul olunurdu. Nəşr vurğulayır ki, maya möcüzəvi vasitə və ya dərman əvəzi deyil, yalnız qidalanmaya əlavə kimi nəzərdən keçirilməlidir.

Məqalədə qeyd olunur ki, əvvəllər insanlar mayadan zəifləmiş saçların, kövrək dırnaqların və qıcıqlanmış dərinin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirdilər. Nənələrimiz üçün bu, ən sadə ev gözəllik vasitələrindən biri hesab olunurdu.

Mayanın əsas üstünlüyü B qrupu vitaminlərinin yüksək miqdarda olmasıdır. Bu vitaminlər enerji mübadiləsində iştirak edir, sinir sistemini dəstəkləyir və dəri ilə selikli qişaların sağlam qalması üçün vacibdir. Maya həmçinin zülal, beta-qlükanlar və sink, selen, maqnezium, dəmir kimi minerallarla zəngindir.

Mayanın orqanizmə təsiri

Nəşrin yazdığına görə, maya orqanizmi gündəlik fəaliyyət üçün vacib olan qida maddələri ilə təmin edir. B qrupu vitaminləri hüceyrə metabolizmində iştirak edir, sink dərinin sağlamlığını dəstəkləyir, selen isə hüceyrələri oksidativ stresdən qorumağa kömək edir.

"Lakin bu, maya içkisinin dəri, saç və dırnaq problemlərinin hamısını həll edəcəyi anlamına gəlmir. Saç tökülməsi, dırnaqların kövrəkləşməsi və dərinin vəziyyətinin qəfil pisləşməsi müxtəlif sağlamlıq problemlərinin nəticəsi ola bilər. Belə hallarda səbəbi müəyyən etmək üçün analizlər aparılmalıdır”, deyə nəşr xəbərdarlıq edib.

Məqalədə qeyd olunur ki, aktiv mayanı çiy halda və ya soyuq su ilə qarışdıraraq qəbul etmək olmaz. Bu, köp, həzm narahatlığı və diskomfort yarada bilər. İstifadədən əvvəl maya qaynar su və ya çox isti südlə qarışdırılmalıdır.

Maya içkisi necə hazırlanır?

Tərkibi:

* 10 qram təzə maya
* 150 ml qaynar su və ya isti süd
* 1 çay qaşığı bal

Maya fincana xırdalanır, üzərinə qaynar su və ya çox isti süd əlavə olunur və tam həll olana qədər qarışdırılır. Daha sonra içki bir neçə dəqiqə soyumağa qoyulur.

Maye artıq isti olmadıqda bal əlavə edilir. İçkini yeməkdən sonra kiçik qurtumlarla içmək tövsiyə olunur. Nəşr qeyd edir ki, bu içki bir neçə həftə istifadə oluna bilər, daha sonra isə fasilə vermək lazımdır.

Kimlər üçün əks-göstərişdir?

Mayadan bu komponentə allergiyası və ya həssaslığı olan şəxslər istifadə etməməlidir. Podaqra xəstələri də ehtiyatlı olmalıdır, çünki maya məhsullarında sidik turşusunun səviyyəsini artıra və podaqra simptomlarını gücləndirə bilən purinlər mövcuddur.

Bundan əlavə, içki ciddi bağırsaq problemləri, tez-tez köp, ishal, aktiv bağırsaq iltihabı və ya həssas həzm sistemi olan insanlara mənfi təsir göstərə bilər.

"Əgər xroniki xəstəliyiniz varsa, hamiləsinizsə, süd verirsinizsə və ya müntəzəm dərman qəbul edirsinizsə, əvvəlcə həkimlə məsləhətləşmək yaxşıdır”, deyə məqalədə vurğulanıb.

Aydın

--> -->