Xəbər lenti

70 yaşdan sonra beyni inkişaf etdirmək mümkündürmü? - Gözlənilməz nəticə
Sağlamlıq 16:54 09.05.2026

70 yaşdan sonra beyni inkişaf etdirmək mümkündürmü? - Gözlənilməz nəticə

Uzun illər hesab olunurdu ki, zaman keçdikcə beynin fəaliyyəti qaçılmaz şəkildə zəifləyir və müəyyən yaşdan sonra idrak qabiliyyətlərini inkişaf etdirmək demək olar ki, mümkün deyil. Lakin amerikalı alimlərin yeni genişmiqyaslı araşdırması göstərib ki, beyin hətta 70, 80 və 90 yaşdan sonra belə inkişaf etməyə və uyğunlaşmağa qadirdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Geekweek” yazıb.

Texas Universitetinin alimləri tərəfindən aparılan və "Scientific Reports” jurnalında dərc olunan tədqiqat üç il davam edib. Araşdırmada yaşı 19-dan 94-ə qədər olan təxminən 4 min nəfər iştirak edib. Alimlər "BrainHealth Index” adlı göstəricidən istifadə ediblər. Bu indeks beynin ümumi vəziyyətini qiymətləndirir və yalnız problemlərin və xəstəliklərin aşkar edilməsinə deyil, həm də inkişaf potensialının müəyyən olunmasına yönəlib. Qiymətləndirmə zamanı düşünmə qabiliyyəti, psixoloji davamlılıq və sosial əlaqələr də nəzərə alınıb.

Ən maraqlı nəticə isə demək olar ki, bütün yaş qruplarında inkişafın qeydə alınması olub. Hətta tədqiqatın əvvəlində yüksək nəticə göstərən şəxslər belə min gündən çox müşahidə müddətindən sonra göstəricilərini yaxşılaşdırmağa davam ediblər. Ən böyük irəliləyiş isə başlanğıcda ən aşağı nəticələrə malik iştirakçılarda müşahidə olunub.

Alimlər diqqətə çatdırıblar ki, söhbət saatlarla davam edən beyin məşqlərindən getmir. Ən yaxşı nəticələri gündə cəmi 5–15 dəqiqə beynin fəaliyyətini dəstəkləyən məşqlərə vaxt ayıran və tədricən sağlam vərdişləri gündəlik həyatına daxil edən insanlar göstəriblər.

Beyin Sağlamlığı Mərkəzinin direktoru, doktor Sandra Bond Çepmen bildirib ki, bir çox insanlar hələ də beyin haqqında köhnəlmiş təsəvvürlərlə düşünürlər.

"Çox uzun müddət biz belə bir köhnə inanca əsaslanmışıq ki, beyinlə bağlı problem yaranmadan heç nə etmək lazım deyil. Bu araşdırma bizə xatırladır ki, beynimizi müəyyən edən yaş deyil, onun imkanlarıdır. İnsanlar artıq həyat müddətini uzatmağı bacarıb. İndi isə biz beynin inkişaf edə və fəaliyyətini yaxşılaşdıra bildiyi dövrü də uzadırıq”, deyə tədqiqatçı bildirib.

Araşdırma müəllifləri "bərpa effekti” adlandırılan məqama da diqqət yetiriblər. Xəstəlik, iş itkisi və ya yaxınlara qulluq kimi çətin həyat dövrlərində belə bəzi iştirakçılar öyrəndikləri idrak strategiyaları sayəsində beynin vəziyyətini qorumağı və hətta yaxşılaşdırmağı bacarıblar. Doktor Lori Kuk qeyd edib ki, hər bir insanın beyni barmaq izi kimi unikaldır və fərdi yanaşma tələb edir:

"Hər bir beyin barmaq izi qədər unikal və inkişaf potensialına malikdir. Hamıya uyğun vahid həllərdən uzaqlaşaraq insanlara öz beyinlərinin sağlamlığına və fəaliyyət qabiliyyətinə şüurlu şəkildə sərmayə yatırmaq imkanı veririk”.

Məqalədə qeyd olunur ki, bu araşdırma xüsusilə 30 yaşdan sonra yaddaşın və diqqətin zəifləməsini qaçılmaz hesab etməyə başlayan insanlar üçün mühüm siqnal ola bilər.

Aydın
--> -->