İranın Hark adası yaxınlığında peyk görüntülərində genişmiqyaslı neft sızıntısı aşkar edilib. Təxminən 52 kvadrat kilometr əraziyə yayıldığı bildirilən sızıntı həm ekoloji fəlakət, həm də enerji təhlükəsizliyi baxımından ciddi narahatlıqlar yaradıb.
Qaynarinfo xəbər verir ki, İranın kritik neft ixrac nöqtəsi olan Hark adası yaxınlığında genişmiqyaslı neft sızıntısı qeydə alınıb. Peyk görüntülərində görünən sızıntının ABŞ-ın dəniz blokadası və bölgədəki gərginliyin yaratdığı təzyiq fonunda İranın enerji infrastrukturuna dair narahatlıqları artırdığı qeyd olunur.
Təxminən 52 kvadrat kilometr əraziyə yayılıb
"Orbital EOS" adlı qlobal neft sızıntılarının monitorinq xidməti Hark adasının qərb sahillərində aşkarlanan sızıntının təxminən 52 kvadrat kilometrdən çox əraziyə yayıldığını bildirib. Quruma görə, dənizə 3000 bareldən çox neft qarışmış ola bilər.
"New York Times” qəzetinin yaydığı məlumatda sızıntının dəqiq səbəbinin hələ müəyyən olunmadığı qeyd edilir.
Hürmüz boğazında gərginlik infrastrukturu çətin vəziyyətə salır
İranın neft infrastrukturunun dünya neft daşımalarının əsas hissəsinin keçdiyi Hürmüz boğazı ilə bağlı məhdudiyyətlər və ABŞ-ın dəniz blokadası səbəbilə ciddi təzyiq altında olduğu bildirilir.
Bölgədəki gərginlikdən sonra İranın gəmi hərəkətini də məhdudlaşdırdığı, bunun isə neftin saxlama imkanlarını çətinləşdirdiyi qeyd olunur.
Boru xətti nasazlığı və "qəsdən boşaltma” iddiaları
Mütəxəssislərə görə, sızıntının mümkün səbəblərindən biri sualtı boru xəttində nasazlıq ola bilər. Hark adasını Abuzar neft yatağı ilə birləşdirən xəttin uzun müddətdir texniki problemlərlə üzləşdiyi və əvvəllər də sızıntılara səbəb olduğu xatırladılır.
Bəzi dairələrdə neftin qəsdən dənizə boşaldılması ehtimalı irəli sürülsə də, bu iddianı təsdiqləyən sübut olmadığı vurğulanır.
"Dəniz blokadası sistemi risk yaradır”
Hamburq Texnologiya Universitetindən professor Nima Şokri "Dəniz blokadası İranın neft sistemini təhlükəli vəziyyətə salıb” deyib.
O bildirib ki, neft quyularının bağlanması və yenidən işə salınması sadə proses deyil: "Neft quyuları istənilən vaxt dayandırılıb yenidən işə salınan sistemlər deyil”.
Ekoloji fəlakət xəbərdarlığı
Sauthempton Universitetindən enerji və ətraf mühit üzrə mütəxəssis Keyvan Hüseyni sızıntının sanksiyalar, münaqişələr və investisiya çatışmazlığının nəticəsi olduğunu bildirib.
O, Bəsrə körfəzinin həssas ekosistemini xatırladaraq xəbərdarlıq edib: "Nəzarət oluna bilən bir sızıntı belə müdaxilə gecikərsə daha böyük regional ekoloji böhrana çevrilə bilər”.
Neft cənub istiqamətində yayılır
Cümə axşamı günorta saatlarına olan məlumata görə, sızıntının Səudiyyə Ərəbistanı sularına doğru hərəkət etdiyi bildirilir. İran dövlət mediasının məsələyə münasibət bildirməməsi diqqət çəkir, rəsmi açıqlama isə hələ verilməyib.
Aydın
Şərhlər