Flaminqoların çəhrayı rəngi birbaşa onların qidalanması ilə bağlıdır. Filtrasiya yolu ilə qidalanan bu quşlar yosunlar, artemiyalar və kiçik xərçəngkimilərlə qidalanırlar. Həmin canlıların tərkibində qırmızı, sarı və narıncı rəng verən təbii piqmentlər — karotinoidlər mövcuddur.
Qaynarinfo "IFLScience” jurnalına istinadən xəbər verir ki, məhz bu maddələr zamanla orqanizmdə toplanaraq quşların lələklərini çəhrayı rəngə boyayır.
Flaminqolar yumurtadan çıxdıqda boz rəngdə olurlar və yalnız yaş artdıqca çəhrayı çalara sahib olurlar. Böyük Britaniyadakı "Whipsnade Zoo”nun quşlar bölməsinin rəhbəri Tim Sevic bildirib ki, bu proses illərlə davam edir.
"Onlar yumurtadan çıxanda boz-ağ rəngli yumşaq tüklərlə örtülü olurlar və çəhrayı rəngi əldə etmələri üçün bir neçə il lazımdır”, deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, hətta yetkin quşlar da balalarını bəslədikləri dövrdə daha solğun görünə bilərlər, çünki piqmentlərin bir hissəsi bu proses zamanı sərf olunur.
Əsirlikdə saxlanılan flaminqoların rəngi isə xüsusi yem əlavələri ilə qorunur. Bu məqsədlə yemlərə digər bir karotinoid olan kantaksantin əlavə edilir.
"Flaminqolar bu qranulları yeyəndə piqmenti qəbul edirlər və bu da onların çəhrayı rəngini qorumağa kömək edir”, deyə London Zooparkının "ZSL” qidalanma üzrə mütəxəssisi Amanda Ferqyuson bildirib.
Bununla belə, "mavi flaminqo” ideyası elmi baxımdan mümkün hesab edilmir. Alimlərin sözlərinə görə, təbiətdə mavi və yaşıl rənglər adətən piqmentlər hesabına deyil, lələk səthinin quruluşu və işığın əks olunması nəticəsində yaranır.
"Göy və yaşıl rənglər adətən piqmentlərlə əmələ gəlmir. Bu, işığın lələklərdən əks olunmasının fizikasına bağlıdır”, deyə Ferqyuson vurğulayıb.
Bu səbəbdən quşların yeminə mavi boya əlavə etmək onların rəngini dəyişməyəcək. Orqanizm həmin maddələri sadəcə parçalayaraq xaric edəcək.
Aydın
Şərhlər