On ildən çoxdur ki, Çin Xalq Azadlıq Ordusunu qlobal hərbi gücə çevirməyə çalışan ölkə lideri Si Szinpin öz hərbi rəhbərliyində genişmiqyaslı təmizləmə əməliyyatına başlayıb.
Qaynarinfo xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, ABŞ ilə rəqabət və artan beynəlxalq gərginlik fonunda Pekin Si Szinpinin rəhbərliyi altında orduda ən dərin siyasi böhranlardan biri ilə üzləşir.
Bu barədə danışan mütəxəssislər bildirirlər ki, Çin rəhbərliyi xüsusilə SSRİ-nin dağılması və Yaxın Şərqdə bəzi rejimlərin ordunun dəstəyini itirməsi nəticəsində çökməsi nümunələrini diqqətlə izləyir.
ABŞ-nin Yel Universitetinin professoru Deniel Mettinqli bildirib: "Nəsə kökündən dəyişib".
Si Szinpinin daxili çıxışlarında ordunun Kommunist Partiyasına "mütləq sədaqət” göstərməsinin vacibliyi xüsusi vurğulanır.
"Mütləq sədaqət anlayışının əsasında məhz ‘mütləq’ sözü dayanır”, deyə Çin lideri bildirib.
İdeoloji nəzarət sərtləşdirilir
Orduda yeni istefalar və vəzifədən uzaqlaşdırmalardan sonra Si Szinpin genişmiqyaslı "ideoloji düzəliş” və "inqilabi möhkəmləndirmə” kampaniyasına start verib.
Dövlət televiziyasında yayımlanan kadrlarda zabitlərin Si Szinpinin çıxışlarını qeyd etdiyi, onun yanında isə hərbi istintaqlara rəhbərlik edən general Can Şenminin əyləşdiyi görünür.
Analitiklərin qənaətinə görə, hazırda Çin rəhbərliyi üçün siyasi loyallıq döyüş qabiliyyətindən daha önəmli hesab olunur.
ABŞ Pentaqonunun keçmiş rəsmisi Dryu Tompson bildirib ki, Si Szinpin "ideoloji sədaqət” ilə "peşəkar hərbi bacarıq” arasında ziddiyyətli vəziyyətə düşüb.
"Si "qırmızı olmaq" ilə peşəkar olmaq arasında seçim dilemması ilə üz-üzədir”, deyə o qeyd edib.
Çin ordusunda genişmiqyaslı təmizləmə
Qeyd edək ki, Si Szinpin ölkənin ən nüfuzlu hərbi fiqurlarından biri ilə bağlı araşdırma başladıb. Bu proses son onilliklərdə Çin ordusunda ən böyük yenidənqurma addımlarından biri hesab olunur.
Söhbət Çin Kommunist Partiyasının Mərkəzi Hərbi Komissiyası sədrinin müavinlərindən biri və faktiki olaraq ölkənin ən yüksək rütbəli generallarından sayılan Can Yusya barədə gedir.
General "partiya intizamının və dövlət qanunlarının ciddi şəkildə pozulması” ittihamı ilə istintaqa cəlb olunub.
ABŞ kəşfiyyatına yaxın analitiklər hesab edirlər ki, Çin rəhbərliyindəki genişmiqyaslı təmizləmələrin əsas səbəbi Si Szinpinin artan etimadsızlığı və təhlükəsizlik qorxularıdır. Onun ən yaxın müttəfiqlərindən birinin hədəfə alınması Çin siyasi elitasında ciddi rezonans doğurub və Vaşinqtonda diqqətlə təhlil edilir.
Aydın
Şərhlər