Uzun illər davam edən quraqlıqdan sonra İraqın tarixi bataqlıq bölgələrində su səviyyəsi yenidən yüksəlməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyinin məlumatına görə, bu dəyişiklik nəticəsində vaxtilə qurumuş ərazilər yenidən canlanır, balıqçılar və maldarlar isə bölgəyə geri qayıdır.
Söhbət İraqın cənubundakı qədim bataqlıq ərazilərindən gedir. Bəzi tarixçilər bu bölgəni "Bibliyadakı Eden bağı” ilə əlaqələndirirlər. Yerli fermerlər bildirirlər ki, son illərdə quraqlıq səbəbindən mal-qaranı itiriblər və bir çox ailə bölgəni tərk etmək məcburiyyətində qalıb.
"İndi isə su geri qayıdıb, maldarlıq bərpa olunur və bəzi ailələr yenidən evlərinə dönür”, deyə sakinlərdən biri bildirib.
Mütəxəssislərin sözlərinə görə, bölgədə vəziyyət bu il yağan güclü qış yağışlarından sonra dəyişməyə başlayıb. Yağıntılar Dəclə və Fərat çaylarındakı su anbarlarının səviyyəsini artırıb. Bunun nəticəsində İraqın Su Resursları Nazirliyi bataqlıqlara daha çox su buraxmağa başlayıb.
Son aylarda daha rütubətli hava şəraiti xüsusilə "İşan Hallab” bölgəsində bataqlıqların bərpasına şərait yaradıb. Məlumata görə, su altında qalan ərazilərin payı son beş ildəki 8 faizdən bu il 32–36 faizə qədər yüksəlib.
İraq hökuməti bildirib ki, ölkənin strateji su ehtiyatları bu il təxminən 6 milyard kubmetr artıb. Bu da yay aylarında su ehtiyatlarının idarə olunmasını asanlaşdıracaq.
Su səviyyəsinin yüksəlməsi bölgədə biomüxtəlifliyin tədricən bərpasına da səbəb olub. Balıq ehtiyatları artır, bitki örtüyü və qamışlıqlar yenidən formalaşır. Yerli sakinlər qamışlardan ənənəvi evlərin tikintisində istifadə edirlər.
İraqlı ekoloq Casim əl-Əssadi bildirib ki, "İşan Hallab” bölgəsi 2021–2025-ci illərdə tamamilə quruyan İraq bataqlıqlarının bir hissəsi idi. Bu ərazilər 2016-cı ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Tarix boyu burada yaşayan ərəb tayfalarının həyat tərzi su ilə sıx bağlı olub.
Bir zamanlar 9500 kvadrat kilometrdən çox ərazini əhatə edən İraq bataqlıqları 1990-cı illərdə Səddam Hüseyn hakimiyyəti dövründə məqsədli şəkildə qurudulmuşdu. Həmin dövrdə hakimiyyət bölgədə yaşayan tayfaları İranla müharibə zamanı xəyanətdə ittiham edir və üsyançı qrupları zəiflətməyə çalışırdı.
BMT İraqı iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri hesab edir. Ölkə son illərdə tez-tez qum fırtınaları, ekstremal istilər və su çatışmazlığı ilə qarşılaşır.
Ötən il İraqda baş verən güclü qum fırtınası zamanı minlərlə insan nəfəsalma problemləri səbəbindən xəstəxanalara müraciət etmişdi.
Aydın
Şərhlər