Xəbər lenti

Süni intellekt inqilabının qarşılığını işçilər ödəyir
Texnologiya 17:36 09.05.2026

Süni intellekt inqilabının qarşılığını işçilər ödəyir

Dünyanın ən məşhur tərcümə platformalarından biri olan "DeepL” süni intellekt mərkəzli yeni strategiyası çərçivəsində genişmiqyaslı ixtisar qərarı verib. Şirkətin təsisçisi və baş direktoru Yarek Kutilovski təxminən 250 əməkdaşla yolların ayrılacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı şirkətlərdə məhsuldarlığı artırsa da, bu transformasiyanın əsas təsirlərindən biri yenə işçi qüvvəsinin azalması olur. Almaniya mərkəzli "DeepL” də əməliyyat strukturunu yenidən formalaşdırmaq üçün radikal addım atdığını elan edib.

Kutilovski bildirib ki, bu qərar onun karyerasındakı ən çətin dövrlərdən biri olub. Onun sözlərinə görə, şirkətin daha çevik və sürətli fəaliyyət göstərə bilməsi üçün mövcud "ağır” idarəetmə modelindən uzaqlaşmaq zəruridir.

Baş direktor hesab edir ki, böyük komandalar koordinasiya proseslərini mürəkkəbləşdirir və qərarverməni ləngidir. Yeni mərhələdə isə rutin işlərin əsas hissəsi süni intellekt sistemləri tərəfindən yerinə yetiriləcək, insanlar isə daha çox strateji və yaradıcı funksiyalara fokuslanacaqlar.

Kutilovski bu dəyişiklikləri şəxsən idarə etmək üçün rəhbərlikdə daha aktiv rol alacağını və "founder mode” adlandırdığı yeni idarəetmə mərhələsinə keçəcəyini bildirib.

"DeepL”in qərarı texnologiya sektorunda müşahidə olunan ümumi tendensiyanın bir hissəsi kimi qiymətləndirilir. Bir çox iri şirkət süni intellekt vasitəsilə daha az əməkdaşla daha böyük həcmdə iş görməyin mümkün olduğunu bildirərək işçi sayını azaldır.

"Coinbase” süni intellekt əsaslı yeni struktur qurmaq məqsədilə əməkdaşlarının 14 faizini ixtisar edib. "Snap”, "Meta” və "Oracle” kimi şirkətlər də oxşar strategiyalar çərçivəsində minlərlə işçini işdən azad edib.

Şirkətlər əməkhaqqı xərclərindən qənaət etdikləri vəsaiti əsasən yeni nəsil texnologiya investisiyalarına yönəldirlər.

İxtisarlara baxmayaraq, "DeepL” inkişaf planlarını davam etdirir. Şirkət səs texnologiyaları üzrə fəaliyyət göstərən "Mixhalo” şirkətini satın alıb və San-Fransiskoda yeni ofis açaraq səsli tərcümə bazarında mövqeyini gücləndirməyə hazırlaşır.

"OpenAI” rəhbəri Sem Altman kimi texnologiya liderləri süni intellektin insanları işsiz qoymaq əvəzinə onları daha yüksək dəyər yaradan vəzifələrə yönəldəcəyini desələr də, hazırkı statistika texnologiya sektorunda geniş ixtisar dalğasının davam etdiyini göstərir.

Aydın
--> -->