Yaxın insanda məişət alkoqolizmini tanımaq çətin ola bilər, çünki bu, asılılığın ilkin və "silinmiş” formasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Lenta.ru”ya narkoloq Roman Ustinov danışıb.
Mütəxəssisin sözlərinə görə, əsas əlamətlərdən biri insanın spirtli içki qəbul etmək üçün istənilən bəhanəni axtarmasıdır: bayramlar, dostlarla görüşlər, iş həftəsinin sonu, stress və ya həyat problemləri.
Ustinov bildirib ki, belə insanlar işləməyə və sosial aktivliyini saxlamağa davam edə bilsələr də, zamanla onların maraq dairəsi və hobbiləri daralmağa başlayır.
Narkoloqun sözlərinə görə, bu tip asılılığı olan insanlar adətən özlərini alkoqolik hesab etmirlər və yaxınlarının iradlarına kəskin reaksiya verirlər. Onlar tez-tez "istədiyim vaxt içməyi dayandıra bilərəm” və ya "yalnız əhval, yuxu və stress üçün içirəm” kimi bəhanələr gətirirlər.
Həkim əlavə edib ki, insanın xarici görünüşündə də dəyişikliklər baş verir: dəri kobudlaşır, qızartılar və şişkinliklər yaranır, gözlər tez-tez qızarır. Eyni zamanda insan özünə baxmağa daha az diqqət yetirir, daha əsəbi, tez hiddətlənən və narahat olur.
Ustinov həmçinin məişət alkoqolizminə dozanın tədricən artmasını və içki üzərində nəzarətin itirilməsini aid edib. Digər təhlükəli əlamətlər isə yaddaş boşluqları, səhərlər "özünü yaxşı hiss etmək üçün” spirt qəbul etmək, tək içmək və ya bunu gizlətməyə çalışmaqdır.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət illərlə davam edə bilər və həm insanın özü, həm də yaxınları üçün içkini normal davranış kimi qəbul etmək riskini yaradır. Bu isə asılılığın hələ müalicə oluna bilən mərhələdə gözdən qaçmasına səbəb ola bilər.
Aydın
Şərhlər