ABŞ Hərbi Hava Qüvvələri strateji "B-52 Stratofortress” bombardmançılarını əvəz edəcək yeni nəsil təyyarənin yaradılması üçün ilkin hazırlıqlara başlayıb. Mövcud B-52 təyyarələrinin isə istismardan çıxarılana qədər 90 ildən artıq xidmət göstərə biləcəyi bildirilir.
Qaynarinfo xəbər verir ki, "The War Zone” nəşrinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri yeni büdcə sənədlərində gələcək ağır bombardmançı ilə bağlı alternativlərin araşdırılması üçün 1 milyon dollar vəsait istəyib. Tədqiqatın məqsədi gələcəkdə B-52-ni əvəz edəcək təyyarənin əsas tələblərini və xüsusiyyətlərini müəyyənləşdirməkdir.
Ən yeni B-52 təyyarəsi hələ 1962-ci ildə istehsal olunub. Hazırda ABŞ 1960-cı illərin əvvəlində buraxılmış 70 ədəd B-52H versiyasından istifadə edir. Buna baxmayaraq, ABŞ ordusu bu təyyarələri ən azı 2050-ci illərə qədər xidmətdə saxlamağı planlaşdırır. Ayrı-ayrı təyyarələrin istismardan çıxarıldığı vaxt yaşı 90 ildən çox olacaq ki, bu da döyüş aviasiyası tarixində rekord göstərici sayılır.
Bombardmançılar mütəmadi şəkildə modernizasiya olunur. Hazırda onların B-52J versiyasına yenilənməsi davam edir. Bu proqram çərçivəsində yeni mühərriklərin, müasir elektron sistemlərin və yenilənmiş radar avadanlığının quraşdırılması nəzərdə tutulur. Gələcəkdə köhnə təyyarələrdən yalnız konstruksiya elementləri və gövdənin bir hissəsi qala bilər.
Bununla belə, yeni strateji bombardmançı layihəsi hələlik ilkin planlaşdırma mərhələsindədir. Ekspertlərin fikrincə, ilk konseptlər yalnız 2030–2040-cı illərdə ortaya çıxa bilər, sınaq nümunələrinin isə 2040-cı illərin sonu və ya 2050-ci illərin əvvəlində hazırlanacağı gözlənilir.
Bu fonda B-52-lərin ABŞ-ın digər strateji bombardmançılarını — "Rockwell B-1 Lancer” və "Northrop B-2 Spirit” təyyarələrini də geridə qoyaraq daha uzun müddət xidmətdə qalacağı ehtimal olunur. ABŞ həmin modelləri 2030-cu illərdə mərhələli şəkildə istismardan çıxarmağı planlaşdırır.
"B-2 Spirit”in əvəzi olaraq isə artıq yeni "Northrop Grumman B-21 Raider” hazırlanır. Bu təyyarə Rusiya, Çin və İrana qarşı mümkün əməliyyatlarda əsas platforma kimi nəzərdən keçirilir.
Aydın
Şərhlər