Xəbər lenti

Alimlər
Sağlamlıq 16:00 09.05.2026

Alimlər "universal genetik kodu" dəyişən orqanizm tapdı

Earlham İnstitutunun tədqiqatçıları genetik koddan indiyədək məlum olan bütün canlılardan fərqli şəkildə istifadə edən mikroskopik orqanizm aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, araşdırma "PLOS Genetics” jurnalında dərc olunub.

Qeyri-adi kəşf DNT sekvensləmə texnologiyasını tək hüceyrələr üzərində sınaqdan keçirərkən təsadüfən edilib. Təcrübə üçün Oksford Universiteti parkındakı gölməçədən götürülmüş sadə bir orqanizm istifadə olunub. Yeni növ Oligohymenophorea sp. PL0344 adlandırılıb.

Məlum olub ki, bu mikroorqanizm genetik kodun əsas qaydalarından birini pozur — stop-kodonların istifadəsini. Adətən genetik kodda üç xüsusi siqnal olur: TAA, TAG və TGA. Bunlar hüceyrəyə zülal sintezinin dayandırılmalı olduğunu bildirir.

Əksər canlılarda bu "durğu işarələri” eyni şəkildə işləyir. Təbiətdə nadir hallarda bu kodonların mənasının dəyişdiyi hallar müşahidə edilsə də, TAA və TAG adətən birlikdə dəyişir və eyni amin turşusunu kodlayır.

Yeni orqanizm isə unikal xüsusiyyət göstərib: onda TAA lizinə, TAG isə qlutamin turşusuna uyğun gəlir. Yeganə real stop-siqnal isə TGA olaraq qalır.

"TAA və TAG-ın fərqli amin turşularını kodladığı başqa bir hal bilmirik. Bu olduqca qeyri-adi vəziyyətdir”, deyə tədqiqat rəhbəri Ceymi Makqouen bildirib.

Alimlər qeyd edirlər ki, bu kəşf genetik kodun sabitliyi barədə mövcud təsəvvürləri dəyişir. Uzun müddət bu kod demək olar ki, bütün Yer canlıları üçün universal hesab olunurdu.

Tədqiq edilən orqanizm kirpikli infuzorilər qrupuna aiddir. Məlum olub ki, məhz bu qrupda genetik kodun qeyri-standart variantları daha tez-tez ortaya çıxır.

Tədqiqatçılar həmçinin xüsusi transfer RNT-lər aşkar ediblər ki, bu da hüceyrənin həqiqətən həmin "stop” siqnallarını amin turşular kimi oxuduğunu təsdiqləyir.

Alimlərin sözlərinə görə, bu kəşf mikroskopik həyat haqqında elmin hələ də nə qədər az məlumatlı olduğunu göstərir.

"Bunu sadəcə sekvensləmə metodunu test edərkən təsadüfən tapmağımız göstərir ki, təbiətdə hələ nə qədər gözlənilməz genetik sistemlər mövcuddur”, deyə Makqouen əlavə edib.

Aydın

--> -->