Təxminən otuz ildir orbitdə fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiya (BKS) Rus modulunda yaranan xroniki sızma problemi ilə yenidən üzləşib. Son aylarda aradan qaldırıldığı düşünülən çatların yenidən ortaya çıxması səbəbilə mühəndislər təcili vəziyyət rejiminə keçib və stansiyanın gələcəyini xilas etmək üçün zamanla yarışırlar.
Qaynarinfo xəbər verir ki, NASA tərəfindən yayılan son rəsmi açıqlamada stansiyadakı xroniki hava sızmasının yenidən başladığı təsdiqlənib. Problemin əvvəl bitdiyi güman edilirdi, lakin vəziyyət kosmos icmasında məyusluq yaradıb. Mühəndislər orbital qurğunu ayaqda saxlamaq üçün həll yolları axtararkən, sızmanın miqyası stansiyanın gələcəyini risk altına alır.
Problemin mənbəyi Rusiyanın nəzarətində olan Zvezda xidmət modulunu və yük gəmilərini birləşdirən PrK adlı kiçik keçid tunelidir. Roscosmos və NASA mütəxəssisləri bu ərazidəki mikroskopik çatları aşkar etmək üçün beş ildən çoxdur birgə işləyirlər. Yanvar ayında aparılan geniş yoxlamalar və xüsusi dolgu materialının tətbiqi tuneldə təzyiqi sabitləşdirmişdi. Lakin rus kosmonavtlarının yük gəmisindən boşaltma əməliyyatından sonra vəziyyət yenidən pisləşib. Son məlumatlara görə, stansiya hər gün boşluğa təxminən yarım kiloqram atmosfer itirir. Hazırda ekipajlar tuneli aşağı təzyiqdə saxlamaq və içəriyə mütəmadi qaz əlavəsi etməklə vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Rəsmi açıqlamalarda astronavtların təhlükəsiz olduğu və gündəlik əməliyyatların davam etdiyi bildirilsə də, daxili vəziyyət daha ciddi xarakter daşıyır. Daxili gizli hesabatlar kosmik agentliyin riskləri qiymətləndirmək üçün istifadə etdiyi "5x5 risk matrisi”ni ortaya çıxarıb. Rus modulundakı bu struktur nasazlıq həm başvermə ehtimalı, həm də nəticələrinin ağırlığı baxımından ən yüksək "5” kateqoriyasında qiymətləndirilir. Mütəxəssislər mikroskopik çatların qəfil genişlənərək tunelin ciddi şəkildə zədələnməsi riskini istisna etmirlər.
Roscosmos büdcə məhdudiyyətləri səbəbilə bu xroniki problemi çox vaxt tunelin qapalı saxlanılması ilə idarə edirdi. Stansiyanın planlaşdırılan 2030-cu il istismar sonuna qədər bu üsulla davam etmək mümkün hesab olunurdu. Lakin ABŞ Konqresi və NASA-nın missiyanı 2032-ci ilə qədər uzatmaq planları bütün hesablamaları dəyişib. Daimi təmir və yamaq üsulu ilə istismarın davam etdirilməsi artıq təhlükəsiz variant sayılmır. Bu qeyri-müəyyənlik NASA-nın özəl şirkətlərlə hazırlanacaq yeni nəsil kommersiya kosmik stansiyalarına keçid planlarını da gecikdirir. Sektor nümayəndələri BKS-in ömrünün zorla uzadılmasının özəl sektoru zəiflədə biləcəyini bildirir, mühəndislər isə stansiyanın 2030-cu ildə tam istismardan çıxarılmasının daha doğru seçim olduğu fikrindədir.
Aydın
Şərhlər