Xəbər lenti

Avropanın ən təhlükəli supervulkanlarından biri
Dünya 16:53 23.05.2026

Avropanın ən təhlükəli supervulkanlarından biri "həyacan siqnalı" verir

İtaliyanın Neapol şəhəri ətrafında yerləşən Kampi Flegrey supervulkanında aktivlik güclənir. Yeni tədqiqatlara görə, kaldera daxilində gedən proseslər öz-özünü sürətləndirən bir ssenari üzrə inkişaf edir və yaxın onillikdə ciddi geoloji dəyişikliklərə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, IDR nəşrinin məlumatına əsasən, son 75 il ərzində vulkan dəfələrlə qeyri-sabitlik əlamətləri göstərib – bölgədə zəlzələlər və yer səthinin qalxması qeydə alınıb. Xüsusilə 2005-ci ildən sonra aktivlik nəzərəçarpacaq dərəcədə artıb. Bu müddət ərzində kalderanın səthi təxminən 1,4 metr qalxıb. Alimlər bunu yeraltında maqma və vulkan qazlarının hərəkəti ilə əlaqələndirirlər.

Tədqiqatçılar hazırkı proseslərin qeyri-bərabər şəkildə inkişaf etdiyini və dəyişmə sürətinin getdikcə artdığını bildirirlər.

Vulkanoloqların sözlərinə görə, hər əvvəlki aktivlik mərhələsi kaldera ətrafında yer qabığını zəiflədib. Nəticədə sistem hətta kiçik təzyiqlərə qarşı daha həssas hala gəlib. Bu isə ciddi geoloji hadisə riskini artırır.

Kampi Flegrey Avropanın ən təhlükəli vulkanik zonalarından biri hesab olunur. Kaldera təxminən 40 min il əvvəl nəhəng püskürmə nəticəsində formalaşıb. Daha sonrakı dövrlərdə də daha kiçik, lakin dağıdıcı hadisələr baş verib, o cümlədən 1528-ci ildə Monte-Nuovo püskürməsi.

Model hesablamalara görə, hazırkı sürətlənmə mərhələsi 2030–2034-cü illərə qədər davam edə bilər. Bundan sonra yığılan təzyiqin boşalması gözlənilir. Bununla belə, alimlər vurğulayırlar ki, bu, dəqiq püskürmə proqnozu demək deyil. Müxtəlif ssenarilər mümkündür – kiçik partlayışlardan tutmuş yeraltı struktur dəyişikliklərinə qədər.

Hazırda mütəxəssislər zəlzələlər və yer səthinin hərəkətinə dair məlumatlar əsasında davamlı monitorinq sistemi hazırlayır. Bu sistem potensial təhlükələrə qarşı mülki müdafiə xidmətlərinin vaxtında reaksiya verməsinə kömək etməlidir.

Aydın
--> -->