Xəbər lenti

Türkiyədə CHP-li bələdiyyə sədri güllələndi
Dünya 17:58 23.05.2026

Türkiyədə CHP-li bələdiyyə sədri güllələndi

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya silahlı hücum edilib. 

Qaynarinfo xəbər verir ki, Akarca məhəlləsində maskalı bir şəxsin silahlı hücumuna məruz qalan Alim Karaca ayağından yaralanıb və təcili yardım avtomobili ilə rayondakı özəl xəstəxanalardan birinə aparılıb.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəxanaya gələrək Alim Karacanın vəziyyəti ilə bağlı məlumat alan Fethiye kaymakamı Fatih Akkaya Karaca və ailəsinə tezliklə sağalma arzularını çatdırıb.

Baş verən hadisədən kədərləndiklərini və qəzəbləndiklərini bildirən Akkaya deyib: "Bələdiyyə sədrimizin səhhəti son dərəcə yaxşıdır. Narahat olmağa əsas yoxdur. Həkimlərimiz peşəkardır, müdaxilədən sonra sağlamlığına qovuşacaq. Bizim vəzifəmiz cinayətkarın ən qısa zamanda saxlanılması və rayonumuzda belə halların təkrarlanmaması üçün bütün tədbirlərin görülməsidir".

Hadisədən sonra qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Alim Karaca kimdir?

Alim Karaca 9 iyul 1973-cü ildə Fethiyedə anadan olub. Onun ailəsi Fethiyeyə bağlı Kumluova bölgəsinin tanınmış və köklü ailələrindən biridir. Təhsilinə Kumluova ibtidai məktəbində başlayan Karaca orta və lisey təhsilini İstanbulun Beylərbəyi bölgəsində yerləşən H. Ömər Sabancı məktəblərində alıb. Daha sonra Anadolu Universitetinin Dövlət İdarəçiliyi fakültəsini bitirib.

Siyasi fəaliyyətə isə İstanbulda lisey şagirdi olduğu dövrdə CHP Gənclər Qollarında başlayıb. Alim Karaca 2009–2014-cü illərdə Kumluova bələdiyyə sədri vəzifəsində çalışıb. O, 31 mart 2019-cu ildə keçirilən yerli idarəetmə seçkilərində CHP-dən Fethiye bələdiyyə sədri seçilib.

Beş ildən sonra CHP tərəfindən yenidən namizəd göstərilən Karaca 31 mart 2024-cü il yerli seçkilərində bir daha bələdiyyə sədri seçilib.

Evli olan Alim Karacanın biri qız, biri oğlan olmaqla iki övladı var.

Aydın
--> -->