Ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:
"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur -xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir.
Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək.
Əsas məqam Pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq. Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunur. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir," - deyə nazir əlavə edib.
Şərhlər