Xəbər lenti

İranın milyonlarla dollarlıq gizli zənciri:
Dünya 14:54 23.05.2026

İranın milyonlarla dollarlıq gizli zənciri: "Maliyyə damarı" necə qurulub, arxasında kim dayanır?

Qlobal kriptovalyuta nəhənglərindən olan "Binance” İrana qarşı sanksiyaların pozulması ilə bağlı iddialara görə yenidən beynəlxalq araşdırmaların mərkəzinə düşüb. Yüz milyonlarla dollarlıq şübhəli əməliyyatların mürəkkəb rəqəmsal şəbəkə üzərindən yönləndirildiyi iddia olunur. Ortaya çıxan faktlar kriptoaktivlər vasitəsilə gizli maliyyə xətlərinin qurulmuş ola biləcəyini göstərir. Bəs bu şəbəkə necə qurulub və onun arxasında konkret kim dayanır?

Qaynarinfo xəbər verir ki, qlobal kriptovalyuta bazarının ən böyük iştirakçılarından biri olan "Binance” İrana qarşı sanksiyaların pozulması və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyələşdirilməsi iddiaları ilə yenidən beynəlxalq gündəmin mərkəzinə çevrilib.

Beynəlxalq uyğunluq hesabatları, blokçeyn təhlilləri, xarici hüquq-mühafizə orqanlarından əldə edilən məlumatlar və ictimaiyyətə açıq olmayan sənədlər iranlı iş adamı Babək Zəncaninin rəhbərliyi ilə qurulan genişmiqyaslı kriptoşəbəkənin yüz milyonlarla dollarlıq əməliyyatı "Binance” üzərindən idarə etdiyini ortaya qoyub.

"Wall Street Journal”da yer alan xəbərə görə, iddialar yalnız qanunsuz maliyyə hərəkətləri ilə məhdudlaşmır. Bu faktlar, eyni zamanda, İranın hərbi strukturlarının, xüsusilə SEPAH-ın qlobal sanksiyalardan yayınaraq rəqəmsal aktivlər vasitəsilə necə maliyyələşdirildiyinə dair indiyədək ən əhatəli nümunələrdən biri kimi qiymətləndirilir.

Bəs bu şəbəkə üzərindən konkret olaraq nələr edilib? "Wall Street Journal”ın xəbərində yer alan iddiaların təfərrüatları belədir.



Babək Zəncani kimdir?

Bir vaxtlar qoyun dərisi ticarəti ilə məşğul olan Babək Zəncani illər ərzində İranın ən varlı iş adamlarından birinə çevrilib. ABŞ tərəfindən ilk dəfə 2013-cü ildə sanksiyaya məruz qalan Zəncani İran hökumətinin milyardlarla dollarlıq vəsaitini Malayziyada yerləşən banklar üzərindən leqallaşdırmaqda ittiham olunmuşdu. Bahalı saatları, lüks avtomobilləri və şəxsi təyyarələri ilə tez-tez sosial mediada gündəmə gələn Zəncani yanvar ayında yenidən ABŞ-ın sanksiya siyahısına daxil edilib.
 

850 milyon dollarlıq şübhəli trafik

"Binance”in daxili uyğunluq hesabatlarına görə, Babək Zəncani ilə əlaqəli əsas əməliyyat hesabı cəmi iki il ərzində təxminən 850 milyon dollarlıq əməliyyat həyata keçirib. Əməliyyatların böyük hissəsinin bir əsas hesab üzərindən aparıldığı bildirilib. Zəncaninin bacısı, sevgilisi və şirkət rəhbərlərinin adına açılmış əlavə hesabların da eyni cihazlar vasitəsilə istifadə edildiyi müəyyənləşdirilib.

"Binance” tədqiqatçıları bu hesabların təşkilatlanmış sanksiyadan yayınma şəbəkəsinə aid olduğu qənaətinə gəliblər. Hesabatlarda xüsusilə İrana qarşı ABŞ sanksiyalarından yayınma və terrorçuluğun maliyyələşdirilməsi riskinin "yüksək səviyyədə” olduğu vurğulanıb. Şirkət daxilində bəzi auditorlar hesabların bağlanmasını və istifadəçilər barədə rəsmi qurumlara məlumat verilməsini tövsiyə ediblər. Buna baxmayaraq, əsas hesabın ən azı 15 ay ərzində aktiv qaldığı, hətta yanvar ayına olan məlumata görə, hələ də açıq olduğu iddia olunub.

Ekspertlərin fikrincə, 850 milyon dollarlıq ümumi həcm giriş-çıxış əməliyyatları birlikdə nəzərə alındıqda təxminən 425 milyon dollarlıq real pul transferinə uyğun gələ bilər.


SEPAH üçün "maliyyə damarı” iddiası

Beynəlxalq hüquq-mühafizə orqanları və terrorçuluğun maliyyələşdirilməsi üzrə mütəxəssislər "Binance” üzərindən keçən bu vəsaitlərin mühüm hissəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şəbəkələrə ötürüldüyünü bildirirlər. SEPAH yalnız İran daxilindəki hərbi və siyasi gücü ilə deyil, həm də Yaxın Şərqdəki proksi qruplaşmalara verdiyi dəstəklə tanınır.

Rəsmilərə görə, "Binance” üzərindən həyata keçirilən pul axını əsasən İran neftinin Çinə satışından əldə edilən gəlirlərin rəqəmsal aktivlərə çevrilməsi nəticəsində formalaşıb. Bu ticarətin sanksiyalara baxmayaraq İran rejimi üçün ən kritik gəlir mənbələrindən biri olduğu qeyd edilir.



"Binance” təkzib etdi, amma...

"Binance”in açıqlamasında sözügedən iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. Şirkət sözçüsü "Binance”in sanksiya tətbiq edilən şəxslər və ya rəqəmsal pul kisələri ilə əməliyyat aparılmasına icazə vermədiyini bildirib: "Bu əməliyyatların böyük əksəriyyətinin "Binance” platforması ilə əlaqəsi yoxdur”.

"Binance” həmçinin platformada qanunsuz fəaliyyətlərə qarşı "sıfır tolerantlıq” siyasətinin tətbiq edildiyini, 2024-cü ildən sonra uyğunluq sistemlərinin ciddi şəkildə gücləndirildiyini, sanksiya tətbiq edilən qurumlara məruzqalmanın demək olar ki, sıfıra endirildiyini və dünya üzrə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edildiyini açıqlayıb. Lakin şirkət əməliyyat həcmləri və konkret hesablarla bağlı suallara ətraflı cavab verməyib.



İran Mərkəzi Bankı da zəncirdədirmi?

Blokçeyn təhlili şirkətlərinin məlumatları İran Mərkəzi Bankı ilə əlaqəli rəqəmsal pul kisələrindən "Binance” hesablarına yönləndirilən təxminən 107 milyon dollarlıq kriptovalyuta transferini də üzə çıxarıb. Bu, olduqca ciddi iddiadır. Çünki bu transferlərdən sonra vəsaitlərin hara göndərildiyi tam müəyyənləşdirilməyib.

ABŞ rəsmiləri və blokçeyn təhlili şirkətləri isə əməliyyatların İranın sanksiyalardan yayınmaq üçün yaratdığı daha genişmiqyaslı rəqəmsal maliyyə sisteminin bir hissəsi olduğundan şübhələnirlər. Digər tərəfdən, 2024-2025-ci illər ərzində "Binance” hesabları ilə sanksiya altında olan İran qurumları arasında təxminən 260 milyon dollarlıq birbaşa əməliyyat həyata keçirildiyi də iddialar sırasındadır.



İranın gizli kriptomərkəzi

Araşdırmanın mərkəzində yer alan strukturlardan biri də Babək Zəncani ilə əlaqəli olduğu bildirilən "Zedcex”dir. Londonda yerləşən ofisə qeydiyyatlı görünən "Zedcex” ictimaiyyətə adi kriptoinvestisiya platforması kimi təqdim edilsə də, xarici hüquq-mühafizə orqanlarına görə, şirkətin əsas müştərisi İran İslam İnqilabı Keşikçiləri Korpusudur.
 

İddialara görə:

1. Vəsaitlər "Zedcex” hesablarına köçürülüb.
2. Daha sonra "Binance” üzərindən rəqəmsal aktivlərə çevrilib.
3. Ardınca SEPAH-la əlaqəli pul kisələrinə göndərilib.

"Binance” qeydlərinə görə, "Zedcex”lə əlaqəli hesablar 2024-2025-ci illər ərzində təxminən 830 milyon dollarlıq əməliyyat həyata keçirib.



1,2 milyard dollarlıq şübhəli əməliyyat aşkarlandı

"Binance” daxilində bəzi əməkdaşların İranla əlaqəli hesablarla bağlı ciddi narahatlıqlar ifadə etdiyi bildirilir. "Wall Street Journal”ın daha əvvəl dərc etdiyi xəbərlərə görə, şirkət daxilində bəzi tədqiqatçılar təxminən 1,2 milyard dollarlıq şübhəli əməliyyat aşkarlayıb və bunun İranla əlaqəli şəbəkələrə ötürüldüyünü hesabatda qeyd ediblər.

Lakin sözügedən əməkdaşların bir qismi daha sonra işdən çıxarılıb. "Binance” isə həmin şəxslərin "uyğunluqla bağlı narahatlıqlara görə deyil, fərdi səbəblərlə” vəzifədən uzaqlaşdırıldığını bildirib. Keçmiş əməkdaşların sözlərinə görə, şirkət rəhbərliyi ABŞ hökumətinin təyin etdiyi müstəqil auditorların bəzi həssas hesablara çıxışını məhdudlaşdırmaq üçün müxtəlif prosedurlar hazırlayıb.

Digər tərəfdən, son illərdə sanksiyalar səbəbindən İranda kriptovalyutadan istifadə fövqəladə səviyyəyə çatıb. Blokçeyn təhlili şirkəti "TRM Labs”ın məlumatlarına görə, iranlı istifadəçilər ötən il 10 milyard dollardan çox kriptoəməliyyat həyata keçiriblər. Rəsmilər İranın xüsusilə Hörmüz boğazından keçən tankerlərdən zaman-zaman kriptovalyuta və ya Çin yuanı ilə ödəniş tələb etdiyini də bildirirlər.



ABŞ Maliyyə Nazirliyi həyəcan təbili çaldı

ABŞ Maliyyə Nazirliyi son həftələrdə İranın kriptovalyutadan istifadəsinə dair xəbərdarlıqlarını sərtləşdirib. Nazirlik İranla əlaqəli 344 milyon dollarlıq rəqəmsal aktivi dondurduğunu, maliyyə qurumlarını İrana pul köçürmələri ilə bağlı xəbərdar etdiyini və İran İslam İnqilabı Keşikçiləri Korpusunun kriptobirjalardakı nəzarət boşluqlarından yararlandığını açıqlayıb.

Mart ayında nazirlik rəsmilərinin "Binance” rəhbərləri ilə xüsusi görüş keçirdiyi və xüsusilə İran əməliyyatları ilə bağlı şirkətin öhdəliklərini yerinə yetirib-yetirmədiyi məsələsinin müzakirə olunduğu bildirilib.

Aydın
--> -->