Təxminən 30 qadın tərəfindən Əlcəzair əsilli məşhur fransalı müğənni Patrik Brüelə qarşı seksual zorakılıq ittihamları irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediapart” nəşri məlumat yayıb.
15 may tarixində "France Inter” radiosu iki qadının Brüeli seksual zorakılıq və zorlamaya cəhdlə ittiham etdiyini bildirib. Elə həmin gün daha bir şikayət daxil olub. Bu şikayət fransız televiziya aparıcısı Flavi Flaman tərəfindən verilib. BFMTV kanalının məlumatına görə, Brüel ən azı 10 cinayət işində adı hallanan şəxsdir.
"Mediapart”ın hesablamalarına görə, müxtəlif araşdırmalar çərçivəsində təxminən 30 qadın müğənnini seksual zorakılıqda ittiham edir. Şikayətlərin dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki proses davam edir və vəziyyət dəyişkəndir.
Nəşrin məlumatına görə, Brüelə qarşı seksual zorakılıq ittihamları ilə bağlı 8 rəsmi şikayət və bir çox digər müraciətlər mövcuddur. İddiaların əksəriyyətinin 1991–2015-ci illər arasında baş verdiyi bildirilir.
Əsasən işlər Nanter prokurorluğu tərəfindən araşdırılır. Bundan başqa, Fransanın Sen-Malo şəhərindəki prokurorluq da bir işi araşdırır. Eyni zamanda Kanada və Belçikada da müğənni ilə bağlı iki ayrıca istintaq aparılır.
Bununla belə, Patrik Brüel bütün ittihamları rədd edir və məhkəmə proseslərinin həqiqəti üzə çıxaracağına inandığını bildirir.
Patrik Brüel Fransanın məşhur müğənnisi, aktyoru və peşəkar poker oyunçusudur. O, 1980-ci illərdə musiqi karyerasına başlayıb və 1984-cü ildə "Decale” mahnısı ilə populyarlıq qazanıb. Aktyor kimi isə "Ev endirimdə” (2006) və "Ailə atmosferi” (1985) kimi filmlərdə çəkilib.
Aydın
Şərhlər