Xəbər lenti

25 il fasilə bitir: Rusiya dünyanın ən güclü nüvə kreyserlərindən birini dənizə qaytarır
Dünya 13:23 23.05.2026

25 il fasilə bitir: Rusiya dünyanın ən güclü nüvə kreyserlərindən birini dənizə qaytarır

Rusiya uzunmüddətli modernizasiyadan sonra "Admiral Naximov” nüvə kreyserini sınaqlara hazırlayır. Gəminin köhnəlmiş flaqmanı əvəz edə və Rusiyanın dəniz gücünün simvoluna çevrilə biləcəyi bildirilir.

Qaynarinfo xəbər verir ki, Rusiya layihə 1144 çərçivəsində inşa edilmiş "Admiral Naximov” atom raket kreyserini 25 ildən artıq davam edən modernizasiyadan sonra yenidən xidmətə qaytarmağa hazırlaşır.

Müşahidəçi Tord Are İversenin məlumatına görə, peyk görüntüləri əsasında gəmi yaxın zamanda "Sevmaş” gəmiqayırma zavodunun demagnetizasiya körpüsünə köçürülüb. Bu, ilin əvvəlindən bəri qeydə alınan ilk nəzərəçarpan hərəkət hesab olunur və dəniz sınaqlarına hazırlıq əlaməti kimi qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, belə körpülərdə gəmi gövdəsinin maqnit təsirindən təmizlənməsi həyata keçirilir. Bu prosedur təmir və ya modernizasiyadan sonra dənizə çıxışdan əvvəl məcburi sayılır.

"Defense Express” nəşrinin analitikləri qeyd edirlər ki, "bu addımlar böyük ehtimalla "Admiral Naximov”un yenidən dənizə çıxmasına gətirib çıxaracaq”.

Məlumata görə, sınaqların mərhələlərindən birinin başa çatdığı hələ 2025-ci ilin sentyabrında qeydə alınmışdı. Gəmi bundan əvvəl də test məqsədilə dənizə çıxmışdı. Bu isə modernizasiya proqramının tədricən yekun mərhələyə yaxınlaşdığını göstərir.

Bununla belə, gəminin tam şəkildə xidmətə qaytarılmasının vaxtı hələ də qeyri-müəyyən olaraq qalır. Layihə dəfələrlə gecikib və artıq 25 ildən çoxdur davam edir.

İşlərin sürətlənməsinin səbəblərindən biri digər Rusiya nüvə kreyseri olan "Pyotr Velikiy”in vəziyyəti ola bilər. Qiymətləndirmələrə əsasən, həmin gəmi əsaslı təmirə ehtiyac duyur və hətta istismardan çıxarıla bilər. Bu halda "Admiral Naximov” onun potensial əvəzedicisi kimi nəzərdən keçirilir.

Modernizasiyadan sonra gəminin silahlanmasının ciddi şəkildə gücləndiriləcəyi gözlənilir. Hazırda istifadə olunan 20 ədəd P-700 "Qranit” raketi əvəzinə 80-ə qədər universal UKSK 3S14 buraxılış qurğusunun quraşdırılması planlaşdırılır. Bu sistemlər "Kalibr”, "Oniks” və "Sirkon” raketlərindən istifadə edə bilir.

Bununla yanaşı, ekspertlər müasir döyüş şəraitində belə iri hərbi gəminin praktik effektivliyini sual altına alırlar. Onların fikrincə, bu cür kreyser prioritet hədəfə çevrilə bilər. Analitiklər hesab edirlər ki, gəminin əhəmiyyəti daha çox hərbi deyil, simvolik xarakter daşıyır və Rusiyanın dəniz gücünü nümayiş etdirmək vasitəsi kimi istifadə olunur.

Xatırladaq ki, 2025-ci ilin avqustunda, təxminən 30 illik fasilədən sonra "Kirov” sinfinə aid Rusiya atom xətti kreyseri "Admiral Naximov” Ağ dənizə çıxaraq 2026-cı ildə planlaşdırılan xidmətə dönüş öncəsi sınaqlara başlamışdı.

"19fortyfive” nəşri yazır ki, kağız üzərində modernləşdirilmiş "Admiral Naximov” dünyanın ən güclü silahlanmış suüstü döyüş gəmilərindən biri sayıla bilər. Lakin nəşrin fikrincə, layihə praktik baxımdan səmərəsiz ola bilər, çünki Rusiya bu gəmidən real döyüş şəraitində effektiv istifadə etməkdə çətinlik çəkə bilər.

Aydın
--> -->