Emmanuel Makron və həyat yoldaşı Bricit Makrondan bəhs edən bir kitab Yelisey Sarayının bağlı qapıları arxasında baş verdiyi iddia edilən sensasion iddialarla gündəmi sarsıdır. Kitabda Makronun liderlik tərzindən şəxsi həyatına qədər uzanan və qərar mexanizminə təsir etdiyi iddia edilən detallara yer verilir. Ən çox müzakirə olunan mövzu isə siyasi balanslara belə təsir etdiyi iddia olunan münasibətlər və saray daxilindəki görünməz güc mübarizəsidir.
Qaynarinfo xəbər verir ki, Fransa siyasətinin mərkəzində yer alan Emmanuel Makron və həyat yoldaşı Bricit Makron haqqında fransız jurnalisti Florian Tardif tərəfindən yazılmış "Un couple (presque) parfait" ("Demək olar ki, mükəmməl bir cüt") adlı kitab Yelisey Sarayındakı güc münasibətlərinə, şəxsi həyatın siyasi qərarlara təsirinə və prezidentlik idarəetmə tərzinə dair diqqətçəkən iddialar irəli sürür.
Kitabda ən çox müzakirə edilən iddia Makron ilə iranlı/fransız aktrisa Gülşifte Ferahani arasında yaxınlaşma olması ilə bağlıdır. 2025-ci ilin mayında Makron və həyat yoldaşının Vyetnamın paytaxtı Hanoya səfəri zamanı qeydə alınan bir görüntü dünya mediasında geniş rezonans doğurmuşdu. Təyyarə qapısı açılanda Bricit Makronun həyat yoldaşına şillə vurduğu an kameralar tərəfindən qeydə alınmış və görüntülər sosial şəbəkələrdə milyonlarla dəfə paylaşılıb.
Kitaba görə, Bricit Makronun qəzəbinin səbəbi Emmanuel Makron ilə Gülşifte Ferahani arasında iddia edilən "emosional” yaxınlıqdır. İddia olunur ki, tərəflər aylar boyunca mesajlaşıb və bəzən flört xarakterli söhbətlər aparıblar. Kitabda həmçinin Ferahaninin Makrona "Sizi çox cazibədar hesab edirəm” dediyi, Makronun isə "Mən də sizi çox gözəl hesab edirəm” cavabını verdiyi iddia olunur.
İndi isə kitabla bağlı daha maraqlı iddialar üzə çıxır. Çünki kitab Makronun ictimai imici ilə idarəetmə prosesindəki real vəziyyət arasındakı fərqi ön plana çıxarır.
Qərar verə bilməyən lider və "yaxşı tələbə sindromu” iddiası
Kitab Makronun 2017-ci ildə prezident seçildiyi dövrdə özünü "yuxarıdan idarə edən, məsafəli lider” kimi təqdim etdiyi "Yupiter” obrazına istinad edir. Lakin müəllif Florian Tardifə görə, bu imicdən fərqli olaraq Makron qərarvermə proseslərində bəzən tərəddüd edən və həddindən artıq analiz edən bir profil göstərir.
48 yaşlı Makronun "yaxşı tələbə sindromu” adlandırılan bir davranış modeli ilə hərəkət etdiyi iddia olunur: hər şeyi öyrənmək, bütün detalları anlamaq və yalnız tam əmin olduqdan sonra qərar vermək. Bu isə bəzi hallarda siyasi prosesləri ləngidir.
Kitabda həmçinin Makronun bəzi mətnləri dəfələrlə qaralama halında hazırladığı, lakin dərc etməkdən imtina etdiyi də qeyd olunur.
Bricit Makronun təsiri: Emosional və siyasi balans faktoru
Kitabın diqqətçəkən hissələrindən biri Bricit Makronun prezidentlik prosesinə təsiri ilə bağlıdır. Florian Tardifə görə, Bricit Makron yalnız həyat yoldaşı deyil, eyni zamanda qərarvermə proseslərində "emosional balans” rolunu oynayan və bəzən "həlledici aktor” kimi çıxış edən bir fiqurdur.
Keçmiş müşavirlərdən birinin sözlərinə görə, Makronun fikrini dəyişə bilən yeganə şəxs Bricitdir. Digər bir iddiaya əsasən isə Makron həyat yoldaşı yanında olmadıqda "panikaya düşə biləcək” qədər güclü emosional bağlılığa malikdir.
Kitabda Makronun 2017-ci ildə Yelisey Sarayına köçdüyü gün dediyi iddia edilən sözlər də yer alır: "Bricit xoşbəxt olmalıdır. Əgər darıxsa və özünü faydasız hiss etsə, bu vəzifədə qala bilmərəm".
Siyasi qərarlara təsir iddiaları
Kitabda Bricit Makronun yalnız emosional deyil, bəzi siyasi proseslərdə də təsir göstərdiyi iddia olunur. Məsələn, 2025-ci ildə təklif edilən bir referendum təşəbbüsünün onun narahatlığı səbəbilə dayandırıldığı irəli sürülür.
Bundan əlavə, bəzi nazir təyinatlarında və xüsusilə Qabriel Attal kimi potensial siyasi fiqurların karyera yüksəlişlərində dolayı təsir göstərdiyi də iddia edilir.
Seçkidən sonra böhran və emosional anlar
Kitab Yelisey Sarayı daxilində Bricit Makronun təsirinin bəzən institusional strukturlarla gərginlik yaratdığını da qeyd edir. 2024-cü ilin erkən seçkilərindən sonra Makronun siyasi məğlubiyyəti zamanı Yelisey terrasındakı emosional anlar təsvir olunur. İddialara görə, Makron bu dövrdə ciddi ruh düşkünlüyü yaşayıb və Bricit onu sakitləşdirməyə çalışıb.
Kulturoloji göndərişlər və Tramp sualı
Kitabda Makronun beynəlxalq siyasətə fokuslanmasının daxili siyasi çətinliklər dövründə artdığı qeyd olunur. Həmçinin Donald Tramp ilə bağlı bir dialoqa da yer verilir. İddialara görə, Tramp Bricit Makrona "Niyə onu tərk etmədin?” sualını verib, Bricit isə bu suala gülümsəyərək cavab verib.
Bricit Makron: "Qorxuram"
2025-ci ilin payızında Bricit Makronun yaxın ətrafına "Qorxuram" dediyi və həyat yoldaşının onu tərk edə biləcəyindən narahat olduğunu bildirdiyi iddia olunur. Kitab bu ifadəni cütlüyün münasibətində emosional həssaslığın göstəricisi kimi təqdim edir.
Aydın
Şərhlər