Xəbər lenti

CHP-də bundan sonra nə olacaq? - Kuluarlarda dolaşan 3 ssenari
Dünya 16:06 23.05.2026

CHP-də bundan sonra nə olacaq? - Kuluarlarda dolaşan 3 ssenari

Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Hüquq Kollegiyası 2023-cü ildə keçirilən Türkiyə Cumhuriyyət Xalq Partiyası (CHP) qurultayı ilə bağlı tam etibarsız qərarı qəbul edərək, CHP sədri Özgür Özəlin vəzifədən uzaqlaşdırılmasına, keçmiş sədr Kamal Kılıçdaroğlunun isə müvəqqəti tədbir qaydasında vəzifəyə qaytarılmasına qərar verdikdən sonra diqqətlər bundan sonrakı mümkün ssenarilərə yönəlib.

Qaynarinfo xəbər verir ki, "Milliyet” qəzetindən Ayşegül Kahvecioğlunun xəbərinə görə, siyasi kuluarlarda qərardan sonra CHP-nin qarşısında üç əsas yolun olduğu bildirilirdi.

Məhkəmə etirazı rədd etdi

İlk variant CHP-nin "tədbirli” mütləq etibarsızlıq qərarı çıxaran Regional Apellyasiya Məhkəməsinə etiraz edərək, Ali Məhkəmənin yekun qərarınadək hazırkı rəhbərliyin fəaliyyətini davam etdirməsi üçün tədbir qərarının ləğvini tələb etməsi idi. Müraciət səhər saatlarında edilsə də, qısa müddət sonra etirazın rədd edildiyi açıqlanıb.



YSK-dan da rədd cavabı gəldi

Digər hüquqi alternativ kimi CHP-nin, rəhbərlik dəyişikliyindən sonra keçirilən üç qurultayın (iki növbədənkənar, bir növbəti) nəticələrini təsdiqləyən və mandat verən Türkiyə Ali Seçki Qurumu – YSK-ya müraciəti göstərilirdi.

CHP dünən bu addımı da ataraq YSK-ya müraciət edib. YSK axşam saatlarında fövqəladə iclas keçirərək müraciəti müzakirə edib. Təxminən iki saat davam edən toplantının nəticəsi CHP üçün yenə mənfi olub.

CHP-ni seçkiyə kim aparacaq?

CHP-nin izləyə biləcəyi digər yol isə apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməkdir.

Hazırkı vəziyyətdə qərarın "tədbirli” şəkildə verilməsi səbəbindən Ali Məhkəmənin yekun qərarınadək Kamal Kılıçdaroğlunun vəzifəsini davam etdirəcəyi bildirilir. Əgər yekun qərar seçkiyə qədər çıxmasa, CHP-ni seçkiyə Kılıçdaroğlunun aparacağı qeyd olunur.

Bununla yanaşı, Ali Məhkəmənin ilk mərhələdə regional məhkəmənin tətbiq etdiyi "tədbir” qərarını ləğv etməsi ehtimalı da yüksək qiymətləndirilir. Bu halda qərar qüvvəyə minmədiyi üçün Özgür Özəlin yenidən sədr vəzifəsinə qayıtması və yekun qərarın seçkiyə qədər verilməməsi halında partiyanı seçkiyə onun aparması gündəmə gələ bilər.

Ali Məhkəmə qərarı ləğv edərsə, iş yenidən regional məhkəməyə qaytarılacaq.



Növbədənkənar qurultay keçirilə bilər

"Etibarsız" qərarından sonra gündəmə gələn digər ssenari isə Kamal Kılıçdaroğlunun partiyanı yenidən qurultaya aparmasıdır.

Bu halda CHP bir neçə namizədin iştirak etdiyi yarış nəticəsində yeni rəhbərliyini müəyyən edə və ya Özgür Özəlin sədrliyi ətrafında razılığa gələrək eyni rəhbərliyi qurultay vasitəsilə yenidən formalaşdıra bilər.

CHP-nin 37-ci qurultay nümayəndələrinin 1/5-nin imzası ilə də növbədənkənar qurultayın çağırılması mümkündür. Siyasi kuluarlarda bu ssenari "ən uyğun çıxış yolu” kimi qiymətləndirilir.

Bununla belə, Kamal Kılıçdaroğlunun qurultay qərarının vaxtı CHP-də parçalanma olub-olmayacağı ilə bağlı müzakirələr fonunda xüsusi əhəmiyyət daşıyacaq.

Prezidentliyə namizədi kim müəyyən edəcək?

Qərarın qüvvəyə minməsi halında digər mühüm müzakirə CHP-nin prezidentliyə namizədinin müəyyənləşdirilməsi prosesi ətrafında yaranacaq.

Kamal Kılıçdaroğlu deputat olmadığı üçün Özgür Özəl parlament qrupunun rəhbəri vəzifəsini davam etdirəcək. Mövcud qanunvericiliyə görə, CHP-nin prezidentliyə namizədi parlament qrupunun qərarı ilə müəyyən edilməlidir.

Bu məqamda parlament qrupunda hansı şəxsin daha böyük təsirə malik olduğu məsələsi ön plana çıxacaq. Namizədin müəyyənləşdirilməsində CHP deputatlarının mövqeyi həlledici rol oynayacaq.



Bələdiyyə sədrlərinin taleyi necə olacaq?

Məhkəmənin qərarı ilə birlikdə partiyanın 31 mart 2024-cü il yerli seçkilərində namizəd göstərdiyi və seçilən bələdiyyə sədrlərinin statusu da müzakirə mövzusuna çevrilib.

Bu mübahisənin hüquqi və siyasi nəticələrinin olub-olmayacağı, eləcə də buna qarşı hansı addımların atılacağı hələlik məlum deyil.

55 toxunulmazlıq dosyesi gündəmə gələcəkmi?

Türkiyə Böyük Millət Məclisinə, o cümlədən CHP lideri Özgür Özəl haqqında 55 olmaqla, çoxsaylı partiya məclisi üzvü deputat barədə toxunulmazlığın ləğvi ilə bağlı dosyelər təqdim olunub.

Özgür Özəlin deputat toxunulmazlığının ləğv edilməsinin bundan sonrakı mərhələdə gündəmə gəlib-gəlməyəcəyi isə hələ qeyri-müəyyəndir.

Aydın
--> -->