1966-cı ildə müsahibə verən uşaqlar 2000-ci illərdə həyatın necə olacağı ilə bağlı proqnozlar irəli sürmüşdülər. Həmin müsahibə yenidən müzakirə mövzusuna çevrilib. Uşaqların dəqiqliyi ilə gerçəkləşən bəzi təxminləri isə qorxu doğuracaq qədər realdır.
Qaynarinfo xəbər verir ki, 59 il əvvəl BBC bir qrup uşaqla görüşərək onlardan gələcəkdə dünyanın necə olacağını soruşub. Uşaqlar iqlim dəyişikliyindən tutmuş əhali artımı və texnoloji inqilaba qədər bu gün cəmiyyətin üzləşdiyi bir çox məsələ barədə xəbərdarlıqlar ediblər.
1960-cı illərdə kompüterlər və kosmik uçuşlar kimi texnoloji yeniliklərin sürətlə artması həm gələcək üçün nikbinlik yaratmış, həm də avtomatlaşdırmanın iş yerlərinin itməsinə və digər sosial fəsadlara səbəb olacağına dair qorxular doğurmuşdu.
Bu gün texnologiya həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Son araşdırmalar göstərir ki, xüsusilə 1980-ci illərdən bəri texnologiya ABŞ-da yaradılan iş yerlərindən daha çoxunu əvəz edib.
"Ətrafda kifayət qədər iş olmayacaq"
Uşaqların əksəriyyəti bu vəziyyəti öncədən görmüşdü. Müsahibə verən bir qız belə demişdi:
"Kompüterlər və avtomatlaşdırma hər şeyi ələ keçirəcək. Və 2000-ci ildə kifayət qədər iş olmayacaq. Yalnız yüksək IQ-yə sahib və kompüterlərlə işləyə biləcək insanlar üçün iş olacaq. Digərləri üçün iş olmayacaq".
Bu gün süni intellekt dövründə 1960-cı illərin qorxuları yenidən gündəmə gəlib. Texnologiyanın insan əməyini əvəz edib-etməyəcəyi cəmiyyətin ən çox müzakirə olunan məsələlərindən biridir.
1960-cı illər eyni zamanda atom silahlarının yayılması ilə də xarakterizə olunurdu. Bu mövzu uşaqların müsahibələrində tez-tez gündəmə gəldiyindən onların bu təhdiddən təsirləndiyi aydın görünür.
"Atom bombaları atılacaq"
Bir uşaq demişdi: "Fikrimcə, atom bombaları atılacaq. Bunu dayandırmaq üçün heç nə edə bilməzsən. Bombalar nə qədər çox insanın əlinə keçsə, o qədər çox adam bir gün onu istifadə edəcək".
Bəziləri isə nüvə fəlakəti qorxularını açıq şəkildə ifadə etmişdi: "Düşünürəm ki, bir dəli atom bombasını ələ keçirəcək və dünyanı partladacaq!".
Xarici Əlaqələr Şurasının məlumatına görə, geosiyasi münasibətlərin getdikcə gərginləşdiyi bu dövrdə nüvə müharibəsi riski də artır.
Atom alimlərinin bülleteninin açıqlamasında isə qeyd olunur ki, nüvə silahlarının modernləşdirilməsi və arsenalın genişləndirilməsi, eləcə də silah nəzarəti sazişlərinin ləğvi 2024-cü ildə də ciddi narahatlıq mövzusu olub.
Uşaqlar həmçinin ətraf mühitin məhv edilməsi və dəniz səviyyəsinin qalxması kimi fəlakətlə nəticələnə biləcək digər problemləri də öncədən görmüşdülər.
Bir uşaq belə proqnozlaşdırmışdı: "Fikrimcə, ölkənin bəzi hissələrini sadəcə istirahət üçün ayıracaqlar və iri bloklar şəklində yaşayış yerləri inşa olunacaq. Məncə bunlar çox eybəcər olacaq".
Həqiqətən də urbanizasiya və sənayeləşmə vəhşi təbiəti məhv edərkən, təbii parklar və qorunan ərazilər toxunulmamış azsaylı yerlər olaraq qalmaqdadır.
Başqa bir uşaq isə 1966-cı ildə belə demişdi: "Bütün kosmik vasitələr, peyklər və s. havaya qalxan hər şey hava şəraitinə təsir edir. Məncə dəniz qalxacaq və İngiltərənin bir hissəsini örtəcək, geriyə yalnız adalar qalacaq".
Peyklərin dəniz səviyyəsinin qalxmasına birbaşa təsiri olmasa da, bu uşaq insan mənşəli qlobal istiləşmə anlayışı geniş yayılmamışdan əvvəl iqlim dəyişikliyinin ən ciddi nəticələrindən birini əvvəlcədən proqnozlaşdırmağı bacarmışdı.
Uşaqlar insanlığın təhlükəsizliyinə və rifahına təhdid yaradan bu problemlərə işarə etməklə yanaşı, əhalinin nəzarətsiz artmağa davam edəcəyini də düşünürdülər.
"İnsanlar mənzillərdə üst-üstə yaşamalı olacaqlar"
Bir qız belə demişdi: "İnsanlar adi evlərdə yaşaya bilməyəcək, çünki bu çox yer tutacaq. Mənzillərdə yaşamalı olacaqlar, bu şəkildə bir-birinin üstünə yığışacaqlar. Evlər olduqca kiçik olacaq və hər şey çox sıx olacaq".
Başqa bir uşaq isə demişdi: "Əhali o qədər artacaq ki, hər kəs ya Səhrada, ya da dəniz altında böyük qübbələrdə yaşamalı olacaq".
İnsanlıq hələlik dənizaltı şəhərlər və ya səhrada nəhəng qübbələr inşa etməyə başlamasa da, artan əhalini yerləşdirmək üçün yetərincə yer tapmaq günü-gündən çətinləşir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, qlobal əhali önümüzdəki 50-60 il ərzində artmaqda davam edəcək və 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çatacaq. Lakin bu zirvəyə çatdıqdan sonra əsrin əvvəllərində tədricən 10,2 milyarda enməsi proqnozlaşdırılır.
Aydın
Şərhlər