Xəbər lenti

Rusiya Baltikyanı ölkələrə hücum edə bilərmi? - Hərbi ekspert
Dünya 17:12 07.04.2025

Rusiya Baltikyanı ölkələrə hücum edə bilərmi? - Hərbi ekspert

"Rusiyanın bu senarini həyata keçirməsi realdır, amma indiki dövrdə yox".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukraynadakı müharibə bitdikdən sonra Rusiyanın sürətlə silahlanaraq, NATO ilə müharibəyə başlaya biləcəyi haqda Qərbin kəşfiyyat məlumatlarını şərh edərkən deyib.

İbrahim Rüstəmli bildirib ki, yeni geosiyasi və hərbi reallıqlar baxımından Rusiya son dövrlər ciddi bir problemə çevrilib:

"Kremldə ən yüksək səviyyələrdə SSRİ-nin bərpası, sovet imperiyasının bayrağı təbliq olunur, Moskva tərəfindən postsovet ölkələrinə qarşı aqressiv münasibət sərgilənir. Bəzi Rusiya analitik və siyasətçiləri Ukraynadan sonra növbənin digər postsovet respublikalarına çatacağı kimi qeyri-ciddi bəyanatlar səsləndirirlər. Bütün bunlar isə Rusiyanın yaxın gələcəkdə həyata keçirmək istədiyi planlarla bağlı kifayət qədər ciddi mesajlar verir".
 


Həmsöhbətimiz düşünür ki, Rusiya indi daha da aqressivləşib:

"Hazırda şimal ölkəsinin ən böyük məqsədi özünün supergüc qismində əvvəlki mövqeyini bərpa etməkdən ibarətdir. Bu mənada mətbuatda Rusiya ilə bağlı yer alan sözügedən kəşfiyyat məlumatları realdır. Rusiya bu senarini həyata keçirə bilər, amma indi yox. Kreml həmin məqsədinə çatmaq üçün ilk imkan düşən kimi dərhal ondan yararlanmağa çalışacaq. Nəticədə də Kreml keçmiş sovet respublikalarının hamısına münasibətdə əvvəlki siyasətini bərpa edəcək. Onun Baltikyanı ölkələrə, Polşaya hücumu, NATO ilə müharibəyə girməsi gözləniləndir. Rusiya hətta Şərqi Avropanı da yenidən öz nəzarəti altına salmaqda maraqlıdır".

Lakin ekspertin fikrincə, bütün bunlar Rusiya üçün indinin deyil, gələcəyin planlarıdır: 

"İndiki dövrdə Kremlə bu niyyətini həyata keçirmək çətindir. Çünki Ukrayna müharibəsi onu çox yorub. Gücünü yenidən bərpa etdikdən sonra isə Rusiya yenidən ərazi iddialarına başlayacaq". 

Qeyd edək ki, NATO Rusiyanın Baltikyanı ölkələrə mümkün müdaxiləsinə qarşı mübarizə planlaşdırır. Bu çərçivədə Estoniya, Latviya və Litva təxminən 965 kilometr uzunluğunda Rusiya və Belarusla sərhəd boyunca "Baltik müdafiə xətti" adlı müdafiə sistemini hazırlayır.  Bu barədə "The Telegraph" məlumat yayıb. 

Nəşr həmçinin Danimarka kəşfiyyatının hesabatını xatırladır. Həmin hesabatda qeyd olunur ki, Ukraynadakı müharibə dayandıqdan və ya dondurulduqdan sonra Rusiya sürətlə silahlanmanı bərpa edərək NATO ilə müharibəyə başlaya bilər.

Analitiklərin qiymətləndirməsinə görə, altı ay sonra Rusiya "özünə bitişik ölkədə lokal müharibə" aparmaq imkanına malik olacaq. Proqnoza əsasən, iki il sonra Moskva "Baltik dənizi regionunda bir neçə ölkəyə qarşı regional müharibəyə", beş il sonra isə "Avropada genişmiqyaslı müharibəyə" hazır olacaq.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->