Xəbər lenti

BMT: Dünyada ana ölümləri 40% azalıb, lakin irəliləyiş təhlükə altındadır
Dünya 20:35 07.04.2025

BMT: Dünyada ana ölümləri 40% azalıb, lakin irəliləyiş təhlükə altındadır

Birləşmiş Millətlər Təşkilatı 2000-2023-cü illər ərzində əsas tibbi xidmətlərə çıxışın yaxşılaşması nəticəsində dünyada ana ölümü səviyyəsinin 40% azaldığını qeydə alıb. Lakin BMT dünyada humanitar yardımın misli görünməmiş dərəcədə azalmasının bu sahədə ciddi geriləməyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Qaynarinfo xəbər verir ki, bu barədə 7 aprel – Ümumdünya Səhiyyə Günü ərəfəsində yayımlanan "Ana ölümünün tendensiyaları" adlı yeni hesabatda deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, maliyyələşmənin azalması səbəbindən dünyada qanaxma, preeklampsiya və malyariya kimi əsas ana ölüm səbəblərinin müalicəsi üçün zəruri dərmanların tədarük zəncirləri pozulub.

UNICEF-in icraçı direktoru Ketrin Rasselin sözlərinə görə: "Qlobal səhiyyə maliyyələşməsinin azalması hamilə qadınların həyatını riskə atır – xüsusilə də həssas ölkələrdə onların vacib yardıma çıxışını məhdudlaşdırır. Dünya təcili olaraq mamaçalar, tibb bacıları və tibb işçilərinə sərmayə qoymalıdır ki, hər bir ana və uşaq yaşamaq şansı əldə etsin”.

2015-ci ildən sonra 5 regionda irəliləyiş dayanıb – Avropa da onlardan biridir

BMT bildirir ki, bu gün qadınların hamiləlik və doğuşdan sağ çıxmaq şansı tarixdə heç vaxt olmadığı qədər yüksəkdir. Lakin 2016-cı ildən sonra bu sahədə irəliləyişin tempi ciddi şəkildə zəifləyib.

2023-cü ildə hamiləlik və doğuşla bağlı fəsadlar səbəbilə təxminən 260 min qadın ölüb – bu, orta hesabla hər 2 dəqiqədə bir ana ölümü deməkdir.

BMT-nin məlumatına görə, dünya ana sağlamlığı sahəsində qarşıya qoyduğu hədəflərdən geri qalır. 2030-cu ilə qədər arzulanan nəticəyə çatmaq üçün ana ölümü səviyyəsi hər il 15% azalmalıdır – bu isə hazırkı (1,5%) templə müqayisədə 10 dəfə sürətlidir.

"Keyfiyyətli mamalıq xidmətlərinə çıxışın təmin olunması ilə yanaşı, qadın və qızların ümumi sağlamlığının və reproduktiv hüquqlarının gücləndirilməsi də hamiləliyin və doğuşun təhlükəsiz keçməsi baxımından həyati əhəmiyyət daşıyır”, - ÜST-nin baş direktoru Tedros Qebreyesusun sözlərinə görə.

2021-ci ildə pandemiya əlavə 40 min ananın həyatına son qoyub

BMT-nin hesabatında COVID-19 pandemiyasının ana ölümünə təsiri ilə bağlı ilk qlobal qiymətləndirmə də yer alıb. 2021-ci ildə pandemiya səbəbilə əlavə 40 min qadın həyatını itirib – bu, 2020-ci ildəki 282 min ölümlə müqayisədə 322 min ölüm deməkdir.

Bu artım təkcə COVID-19 xəstəliyinin bilavasitə fəsadları ilə deyil, həm də mamalıq sistemində yaranan genişmiqyaslı pozuntularla əlaqələndirilir.

Ana ölümünün ümumilikdə 40% azalmasına baxmayaraq, yalnız 3 BMT regionu 2015-ci ildən sonra bu sahədə ciddi irəliləyiş əldə edib: Səhraaltı Afrika, Avstraliya və Yeni Zelandiya, eləcə də Mərkəzi və Cənubi Asiya.

Səhraaltı Afrika irəliləyişə baxmayaraq, hələ də ana ölümü üzrə liderdir – bu region 2023-cü ildə qlobal ana ölümlərinin təxminən 70%-ni təşkil edib. Yüksək səviyyəli yoxsulluq və münaqişələr bu böhranı daha da dərinləşdirir.

Eyni zamanda, 2015-ci ildən sonra ana ölümü ilə mübarizədə irəliləyiş aşağıdakı 5 regionda dayanıb:

Şimali Afrika və Qərbi Asiya  
Şərqi və Cənub-Şərqi Asiya  
Okeaniya (Avstraliya və Yeni Zelandiya istisna olmaqla)  
Avropa və Şimali Amerika  
Latın Amerikası və Karib hövzəsi

Ən yüksək risk isə humanitar böhran və münaqişə zonalarında yaşayan hamilə qadınlara aiddir. Hazırda bütün ana ölümlərinin təxminən üçdə ikisi qeyri-sabitlik və ya müharibə yaşayan ölkələrin payına düşür. Ən pis göstəricilər Çad, Mərkəzi Afrika Respublikası, Nigeriya, Somali və Əfqanıstandadır.

Xatırladaq ki, BMT-nin daha əvvəlki hesabatında qadınların hələ də kişilərlə müqayisədə 2,5 dəfə çox ödənişsiz iş gördüyü və 2022-ci ildən bəri münaqişələrlə bağlı cinsi zorakılıq hallarının 50% artdığı bildirilmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->