"Amazon"un yeni "Mənim üçün Al" süni intellekt aləti istifadəçilərə axtardıqları məhsulları digər mağazalarda tapmağa və bu məhsulları birbaşa "Amazon" vasitəsilə almağa imkan yaradır. Lakin qaytarılma və çatdırılma prosesləri üçüncü tərəf mağazaların nəzarətində qalır.
Qaynarinfo xəbər verir ki, süni intellekt texnologiyası inkişaf etdikcə, gündəlik həyatda daha faydalı ola biləcək imkanlar da sürətlə ortaya çıxır. "ChatGPT"nin təqdim etdiyi Operator və Deep Researx xüsusiyyətləri diqqət çəkən yeniliklərdən yalnız bir neçəsidir. Bununla belə, bu cür inkişaf çoxu arxa planda baş verir və kifayət qədər fərqinə varılmır. Digər diqqətçəkən nümunə isə "Amazon"un AI dəstəkli yeni aləti "Mənim üçün Al"dır. Bu alət istifadəçilərin alış-veriş təcrübəsini bir addım irəli aparır.
"Amazon" internet üzərindən alış-veriş etmək istəyənlərin ilk dayanacaqlarından biridir. Geniş məhsul çeşidi və etibarlı çatdırılma sistemi sayəsində çoxlarının üstünlük verdiyi platforma olsa da, bəzi məhsulların Amazon ehtiyatlarında olmadığı hallarla qarşılaşmaq mümkündür. Bu nöqtədə "Mənim üçün Al" aləti dövrəyə girərək, axtardığınız məhsul Amazon-da yoxdursa, digər veb saytlardakı variantları sizin üçün araşdırır.
"Amazon"un bu yeni AI aləti istifadəçilər üçün alış-verişi daha çətinliksiz etmək üçün hazırlanmışdır. Mobil tətbiqdə olan "Birbaşa marka saytlarından alış-veriş et" bölməsi axtardığınız məhsul üçün üçüncü tərəf mağazalarda mövcud olan seçimləri göstərir. Əgər bu mağazalardan birində məhsulu tapsanız, "Amazon" tətbiqi vasitəsilə siyahını asanlıqla açıb nəzərdən keçirə bilərsiniz. İnterfeys "Amazon"un tanış məhsul səhifəsinə bənzər şəkildə dizayn edildiyindən, istifadəçilər bu alış-veriş üsuluna tez alışa bilirlər.
Bu alətin ən diqqətçəkən xüsusiyyəti isə adından gələn bacarığıdır: Üçüncü tərəf mağazadan tapdığınız məhsulu "Amazon"un sizin adınıza alması. Digər mağazaların üzvlük və ödəniş sistemləri ilə məşğul olmadan, birbaşa "Amazon" hesabınız və ödəniş məlumatlarınızla alış-veriş edə bilərsiniz. Üstəlik, "Amazon" bu əməliyyat zamanı şəxsi məlumatlarınızı şifrələyir və sifariş izləməsini birbaşa "Amazon" üzərindən etməyə imkan yaradır.
Lakin, "Mənim üçün Al" alətinin həyata keçirə bilmədiyi əməliyyatlara məhsulun qaytarılması və dəyişdirilməsi daxildir. Əgər məhsulu qaytarmaq və ya dəyişdirmək istəsəniz, bu prosesi üçüncü tərəf mağazanın müştəri xidmətləri ilə əlaqə saxlayaraq həll etməlisiniz. Bundan əlavə, "Prime" üzvlük üstünlükləri bu cür alış-verişlərə şamil edilmir və çatdırılma "Amazon" tərəfindən deyil, üçüncü tərəf mağaza tərəfindən həyata keçirilir.
"Mənim üçün Al" aləti hazırda yalnız ABŞ-da məhdud sayda istifadəçi ilə beta test rejimində sınaqdan keçirilir. Bu yeniliyin Avropa və digər regionlara nə vaxt yayılacağı hələ bəlli deyil. Bundan əlavə, alətin dəstəklədiyi üçüncü tərəf veb saytlarının da bu sistemə uyğunlaşması tələb olunur. Yəni, bu AI alətinin dünya miqyasında yayılması və tam işlək hala gəlməsi üçün hələ bir qədər vaxt lazımdır.
Aydın
Şərhlər