Xəbər lenti

3500 il əvvəl yaşamış kral ailəsinə məxsus qadının üzü bərpa edildi
Dünya 22:05 07.04.2025

3500 il əvvəl yaşamış kral ailəsinə məxsus qadının üzü bərpa edildi

Alimlər 3500 il əvvəl Mikena şəhərində yaşamış qadının üzünü müasir texnologiyalar sayəsində bərpa ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Son Tunc dövrünün mühüm mərkəzlərindən biri olan Mikenada yaşamış zadəgan qadının üzü müasir texnologiyaların köməyi ilə yenidən yaradılıb. Kral məzarından tapılmış kəllə sümüyü əsasında həyata keçirilən rəqəmsal rekonstruksiya nəticəsində olduqca müasir cizgilərə malik bir sima ortaya çıxıb.

Qadının məzarı arxeoloqlar tərəfindən hələ 1950-ci illərdə aşkar olunub. Onun qalıqları qızıl və gümüş ərintisindən hazırlanmış maska, eləcə də üç qılıncın yer aldığı zəngin dəfn inventarı ilə birlikdə aşkarlanıb. Əvvəllər tədqiqatçılar silahların məzarda olan kişi şəxsə aid olduğunu güman edirdilər, lakin son DNT analizləri həmin əşyaların məhz qadına məxsus olduğunu təsdiqləyib.

"Bu zadəgan qadın buraya birisinin həyat yoldaşı kimi deyil, doğuşdan gələn hüquqla dəfn edilib ki, bu da onun yüksək statusundan xəbər verir", deyə Ekseter Universitetinin tarixçisi doktor Emili Hauser bildirib.

Rekonstruksiya zamanı müasir məhkəmə antropologiyası və 3D modelləşdirmə üsullarından istifadə olunub. Rəssam Xuanxo Orteqa Q. 1980-ci illərdə Mançester Universiteti tərəfindən hazırlanmış gil büstə əsaslanaraq, yeni texnologiyaların imkanları ilə daha dəqiq nəticə əldə edib.

Qalıqların təhlili göstərib ki, qadın təxminən 30 il yaşayıb və artrit xəstəliyindən əziyyət çəkib - bu, böyük ehtimalla illərlə toxuculuqla məşğul olmasının nəticəsi olub.

"Bu, real qadın təcrübəsini Homer qəhrəmanlarının obrazları ilə əlaqələndirmək üçün nadir fürsətdir. Həmin dövrdə, o cümlədən "İliada"dakı qəhrəmanlar üçün də toxuculuq mühüm fəaliyyət sahəsi idi", deyə doktor Hauser əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->