Xəbər lenti

Hokinqin
Dünya 22:51 22.05.2026

Hokinqin "güclü ağıl" haqqında sitatı yenidən populyarlaşdı: Bu fenomen nədir?

Məşhur britaniyalı fizik Stiven Hokinqə aid edilən "sakit insanların ən güclü ağıllara sahib olması” fikri sosial şəbəkələrdə yenidən geniş yayılıb. Lakin "Ecoticias” nəşrinin yazdığına görə, bu sitatın Hokinqə məxsus olduğunu təsdiqləyən rəsmi mənbə yoxdur. 

Qaynarinfo-nun məlumatına görə, alimin irsini araşdıran tədqiqatçılar da qeyd edirlər ki, bu ifadə onun rəsmi açıqlamaları siyahısında yer almır. Buna baxmayaraq, Hokinqin həyatı bu fikrə marağı daha da artırır.

Gələcəkdə qara dəliklərin şüalanması nəzəriyyəsinin müəllifi kimi tanınacaq Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda anadan olub. Gənc yaşlarından Kainatın mənşəyi, zamanın təbiəti və qara dəliklərin quruluşu ilə maraqlanıb. 21 yaşında ona motor neyron xəstəliyi diaqnozu qoyulub. Bu xəstəlik tədricən əzələ hərəkətlərinə nəzarəti zəiflədir, lakin beynin fəaliyyətinə təsir etmir.

Həkimlər onun cəmi bir neçə il yaşayacağını proqnozlaşdırmışdılar. Lakin Hokinq nəinki 50 ildən çox yaşadı, həm də müasir elmin ən nüfuzlu alimlərindən birinə çevrildi. O, 2018-ci ildə Kembricdə 76 yaşında vəfat edib.

Hokinqin dünya şöhrəti qara dəliklər haqqında işləri ilə bağlıdır. 1974-cü ildə o, qara dəliklərin hissəciklər buraxa biləcəyini və zamanla kütləsini itirə biləcəyini irəli sürüb. Bu nəzəriyyə sonradan "Hokinq şüalanması” adlandırılıb və müasir nəzəri fizikanın əsas ideyalarından birinə çevrilib.

Onun işi ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını birləşdirib. Bu araşdırmalar nəticəsində qara dəliklərin informasiya paradoksu ortaya çıxdı və bu problem hələ də fizikanın əsas sirlərindən biri hesab olunur.

Sağlamlığının pisləşməsinə baxmayaraq, Hokinq dərs deməyə, kitab yazmağa və mühazirələr verməyə davam edirdi. 1985-ci ildə keçirdiyi ağır pnevmoniyadan sonra o, danışma qabiliyyətini itirdi və kompüter əsaslı səs sistemi istifadə etməyə başlayıb. Bioqrafların fikrincə, o, bu dövrdə "qısalıq sənətini” mənimsəmişdi və mürəkkəb ideyaları daha az sözlə ifadə etməyi öyrənmişdi.

Məhz bu məqam "güclü ağıl” ifadəsinə yeni məna verir. Hokinqin ünsiyyəti daha yavaş olsa da, onun düşünmə qabiliyyəti dəyişmirdi.

Alim 1988-ci ildə nəşr olunan kitabı ilə də geniş tanınıb. Bu əsər kosmologiya, qara dəliklər və Böyük Partlayış nəzəriyyəsini milyonlarla oxucuya tanıdıb və 40-dan çox dilə tərcümə olunub.

Hokinq həmçinin Kembric Universitetində İsaak Nyutonun da rəhbərlik etdiyi Lukas riyaziyyat professoru vəzifəsində çalışıb. O, elmdəki xidmətlərinə görə çoxsaylı mükafatlar alıb və müasir fizikanın simvollarından birinə çevrilib.

Nəşrin qeyd etdiyi kimi, Hokinqin hekayəsi göstərir ki, intellektin gücü hər zaman ucadan danışmaqla ölçülmür. Sitat ona aid olmasa belə, onun həyatı ən güclü ideyaların çox vaxt sükut içində formalaşdığını sübut edir.

Aydın
--> -->