DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları Batizado-Kəmər dərəcələrinin təqdimat mərasimində iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Braziliya Səfirliyinin dəstəyi ilə Abşeron Olimpiya İdman kompleksində Batizado-Kəmər dərəcələrinin təqdimatı olub. Tədbirin rəsmi qonaqları qismində Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Mestre Paulao Ceara, Brazilyanın ölkəmizdəki səfiri Manuel Montenegro, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Guido Ambrosso iştirak ediblər. Tədbirin məqsədi bu sahəyə maraq göstərən, yarışlarda uğur qazanan uşaq və yeniyetmələrə yeni kəmər dərəcələrini təqdim etmək, eyni zamanda idmanın bu növünün daha geniş təbliğatına töhfə verməkdir. Təqdimat mərasimində 200-dən çox uşaq və yeniyetmə yeni kəmərlərə layiq görülüb.
Məlumat üçün bildirək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kapoeyra Federasiyası ilə sıx əməkdaşlığı çərçivəsində Mərkəzdə idman xidməti üzrə kapoeyra təlimləri keçirilir. Kapoeyra təlimlərinə və reabilitasiya prosesinə cəlb edilən həssas qrupdan olan şəxslər qısa müddətdə sosial adaptasiya sayəsində cəmiyyətə inteqrasiya olunublar. Həyata keçirilən tədbirlər sayəsində benefisiarların psixososial durumunda da nəzərə çarpacaq irəliləyişlər qeydə alınıb. Bunun nəticəsidir ki, mərasimdə Mərkəzin 5 üzvünə də yaşıl kəmər təqdim edilib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzinin ərazisində xarici qonaqların rəhbərliyi ilə seminarın təşkili də nəzərdə tutulur.
Şərhlər