"Aqrar İnnovasiya və Təzhizat" şirkətində dələduzluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə şirkətin Qazax rayonu üzrə satış mərkəzində satıcı-anbardar vəzifəsində çalışan Elvin Məmmədli həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İttihamda qeyd edilir ki, Elvin Məmmədli şirkətin 104 074 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmədovun sədrliyi ilə aparılıb. Məhkəmə prosesi zamanı Elvin Məmmədli verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, şirkətin satış üçün ona təqdim etdiyi məhsullar sonradan bahalaşıb. Şirkət ondan məhsulların pulunu yeni qiymətlərlə tələb edib. Bu baxımdan, onun 99 000 manat borcu yaranıb. Bundan əlavə, o, şəxsi təsərrüfatı üçün şirkətdən 25 000 manat dəyərində gübrə alıb. Bahalaşma olanda şirkət ondan aldığı məhsula görə 41 000 ödəniş etməli olduğunu bildirib.
Qısası, Elvin Məmmədli dələduzluq etmədiyini, sadəcə bahalaşama səbəbindən şirkətə borclu qaldığını bildirib. Bununla belə, məhkəmə Elvin Məmmədlini verilmiş ittiham üzrə təqsirli bilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Aqrar İnnovasiya və Təchizat" şirkətində tez-tez oxşar hadisələr baş verir. Məsələn, 2022-ci ildə şirkət mənimsəmə faktına görə, cinayət işi başlanmışdı. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16 mart 2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Seyid
Şərhlər