"Ukraynaya ciddi şəkildə hərbi yardım belə Rusiyanın məğlub edilməsini təmin etməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Donald Trampın Rusiyaya Ukraynada atəşkəs üçün aprelin sonuna qədər vaxt verməsi, bu alınmasa, sanksiyalar tətbiq etməsi, Ukraynaya yardımı gücləndirməsi çağırışları fonunda Rusiya prezidenti Vadimir Putinin əlində müharibəni qazanmaq üçün nə kimi imkanların qaldığı sualına cavabında deyib.
Həmsöhbətimizə görə, Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün atacağı addımların heç nəyi dəyişməyəcəyi mütləqdir:
"Rusiya indiyə kimi verdiyi kütləvi əsgər və texnika itkilərinə baxmayaraq, öz planlarını həyata keçirməkdə qərarlıdır. Məsələnin mahiyyəti odur ki, Rusiyanın sahib olduğu nüvə silahları ona özgüvən verir. Tramp da bunu vurğulayıb ki, Rusiyanı məğlub etmək olmaz".
Politoloq Putinin müharibəni dayandırmaq üçün Ukraynaya nüvə bambası atması ehtimalını da istisna etmir:
"ABŞ Yaponiyaya son anda atdığı iki nüvə bombası ilə müharibəni qəfil dayandırdığı kimi, böyük ehtimalla Putin də belə fikirləşir ki, ən son anda Ukraynaya nüvə bombası ataraq müharibəni dayandıra bilər. Təbii ki, bu, ancaq o vaxt baş verə bilər ki, Ukraynaya edilən hərbi yardımlara NATO ölkələrindən də ciddi əsgər dəstəyi başlasın".
Politoloq bu qənaətdədir ki, Rusiya ordusu həm taktiki, həm də strateji baxımdan qarşı tərəfdən, hətta, artıq Ukraynadan belə zəifdir:
"Üstünlük sadəcə insan resurslarındadır ki, Rusiya bunu Şimali Koreya və son məlumatlardan bəlli olduğu kimi Çindən təmin edir. Göründüyü kimi, vəziyyət çıxılmazdır. Yəni, pat vəziyyətidir. Hansısa xoş bir möcüzə bu müharibəni daha böyük itkisiz dayandıra bilər. Amma bunun da ehtimalı yox dərəcəsindədir".
Azər Qasımov düşünür ki, Ukraynaya yardımların artırılması ən azı Rusiyanın itkilərinin artıra bilər ki, bu da daxili narazılığı gücləndirər:
"Rusiya və Ukrayna cəmiyyətləri artıq o qədər bir-birinə qarşı qütbləşib ki, itkilərin artması da öz hakimiyyətlərinə qarşı etirazın olacağı ehtimalını azaldır. Putinin bu müharibəni qazanması ehtimalı zatən formalaşıb. Ukraynanın üçdə bir hissəsinə yaxını işğal edilib. İddia edilən ərazilər hələ də böyükdür. Amma məsələ torpaq əldə etməkdən çox bu məsələnin mənəvi tərəfidir. İki ölkə arasında, onların xalqlarının bundan sonra əsrlərlə düşmən kimi yaşaması ilk növbədə Rusiyanın məğlubiyyətidir. Rusiya insanının fərdi düşüncəsi yüz il də keçsə eyni qalacaq. Amma Ukrayna xalqı belə deyil".
Ekspert hesab edir ki, vaxt gələr Ukrayna texnologiya və ictimai inkişaf sayəsində əldə etdiyi uğurlarla Rusiyadan qat-qat üstünlüyə sahib ola bilər:
"Bu da Rusiyanın daxilən parçalanmasına gətirib çıxarar. İnsanlar necə ki, indi məsələn, Alyaskadan ABŞ-a və ya Kalininqraddan Polşaya və ya Finlandiyanın əlindən alınan ərazilərdən Finlandiyaya həsəd hissi ilə baxırlar, sonralar eynən Ukraynaya da eyni hisslə baxacaqlar. Özlərinin yaşamı ilə onları müqayisə edəndə özlərinə yazıqları gələcək. Bu da Ukraynanın ən böyük qələbəsi olacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya rəhbəri Vladimir Putinə Ukraynada atəşkəs rejiminin yaradılması üçün sərt vaxt limiti müəyyən edib. Bu barədə "Axios” nəşri mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, Tramp Putinə aprelin sonuna qədər vaxt verib. Bildirilir ki, ABŞ lideri son həftələrdə Ukrayna ilə bağlı sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olmamasından məyus olub.
Nəşrin məlumatına əsasən, Trampın təyin etdiyi bu "deadline”a görə, əgər aprelin sonuna qədər Ukraynada atəşkəsə nail olunmasa, ABŞ lideri ya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə, ya da Konqresi yeni sanksiya qanunu qəbul etməyə çağıracaq.
Rüfət Sultan
Şərhlər