"Abercrombie & Fitch" şirkətinin keçmiş baş direktoru Mayk Ceffriesin cinsi istismar ittihamları qarşısında məhkəməyə çıxmaq qabiliyyətinin olmadığı bildirilib, çünki ona demensiya diaqnozu qoyulub.
Qaynarinfo xəbər verir ki, bunu onun vəkilləri "The Wall Street Journal"a açıqlayıb.
ABŞ-nin geyim satışı ilə məşğul olan bu pərakəndə şəbəkəsinin keçmiş rəhbəri keçən il oktyabr ayında həbs edilib. O zaman məlum olub ki, Ceffries və onun şərikliyi model biznesində karyera qurmaq istəyən kişiləri işə götürüb, daha sonra əyləncə məclislərində onlara narkotik, spirtli içkilər və viaqra verərək cinsi əlaqəyə məcbur ediblər. İttihamda 2008-2015-ci illər ərzində onlarla belə hadisənin qeydə alındığı bildirilib.
Ceffriesin vəkilləri hələ dekabr ayında 80 yaşlı müvəkkillərinin demensiyadan əziyyət çəkdiyini bildiriblər. Müdafiə tərəfindən məhkəməyə təqdim edilən ərizədə deyilir ki, müvəkkilin son aylarda keçirdiyi çoxsaylı müayinələr onda Altsheymer xəstəliyi və gecə-gündüz qayğı tələb edən digər idrak pozğunluqlarını təsdiq edib.
Ərizədə həmçinin hakimdən Ceffriesin qabiliyyətini bərpa edib-etmədiyini müşahidə etmək üçün dörd aylıq xəstəxana müayinəsində saxlanılması xahiş olunub. Vəkillərin sözlərinə görə, prokurorluq buna etiraz etmir.
Aydın
Şərhlər