Xəbər lenti

CNN Tramp və Putin arasındakı danışıqdan yazdı: Kreml çox xoşbəxtdir (TƏHLİL)
Dünya 10:51 20.05.2025

CNN Tramp və Putin arasındakı danışıqdan yazdı: Kreml çox xoşbəxtdir (TƏHLİL)

Bazar ertəsi Donald Trampın Vladimir Putinlə telefon danışığı irəliləyişə səbəb olmadı – əksinə, bu, Ukraynada müharibənin dayandırılmasının indi nə qədər real olmayan bir perspektiv olduğunu göstərdi.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN-nin Trampla Putinin iki saatlıq telefon danışığına həsr edilmiş materialında deyilir.

Ukrayna və Avropa müttəfiqləri danışıqlara başlamaq üçün 30 günlük atəşkəs təklif edirlər. Rusiya isə yekun saziş üzrə danışıqlarda israr edir – bu isə aylarla uzana biləcək bir prosesdir. Bu da Moskvaya hücumları və mülki obyektlərin atəşə tutulmasını davam etdirməyə imkan verir.

Danışıqlardan sonra Tramp bəyan etdi ki, Ukrayna və Rusiya indi atəşkəs və nəhayət müharibənin başa çatması ilə bağlı "əlindən gələn qədər tez" danışıqlara başlayacaqlar – döyüş əməliyyatları davam etsə də. Beləliklə, o, faktiki olaraq Kremlin yanaşmasını dəstəkləmiş oldu.

Trampın səmimiyyətinə şübhələr

Tramp ABŞ-ın prosesdən çıxa biləcəyi ilə bağlı vitse-prezident C.D. Vensin sözlərini təkzib etmədi:

"Sizə deyirəm, burada böyük eqolar işə qarışıb, amma düşünürəm ki, nəsə baş verəcək. Əgər baş verməsə, sadəcə çəkiləcəyəm və onlara davam etmək qalacaq".

Ukraynaya dəstək məsələsində ümumi skeptisizmi nəzərə alsaq, belə ritorika təzyiq elementi ola bilər, amma bu, blefə bənzəmir. Tramp həmçinin ABŞ-ın birbaşa iştirakdan uzaqlaşa biləcəyini nəzərdə tutaraq, Vatikanı və Papa Levonu mümkün vasitəçilər kimi təklif edib.

Ekspertlərin mövqeyi

Milli Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini Bet Sanner zəngin effektivliyini şübhə altına alıb:

"Mənə elə gəlir ki, prezident ümumiyyətlə Putinə təzyiq göstərməyə çalışmayıb. İki saatlıq danışıq yaxşıdır, amma nəticədə nə əldə etdik? Putin çox maksimalist tələblər irəli sürməyə davam edir... gələcək sülh sazişi üzrə danışıqların çərçivə şərtlərinin müzakirəsi və bəlkə də bir çox məsələlər üzrə razılıq əldə edildikdən sonra bağlanacaq atəşkəslə bağlı razılıqlar".

O yekunda deyib ki, Putin Trampın zəngindən məhz öz istədiyini alıb.

Kreml razıdır

Ruslar danışıq barədə həvəslə fikir bildirdilər.

"Sizə deyim ki, belə uzunmüddətli danışıqlar nadir hallarda baş verir, hər iki prezident... heç biri söhbəti bitirib dəstəyi yerə qoymaq istəmirdi", – deyə prezidentin köməkçisi Yuri Uşakov bildirib.

Danışıqdan əvvəl Tramp sərtlik vəd etmişdi, müşaviri Stiv Uitkof isə əminliklə bildirmişdi:

"Prezidentin şəxsiyyət gücü misilsizdir... Və düşünürəm ki, bu, çox uğurlu bir danışıq olacaq".

Lakin təsir rıçaqları – sanksiyalar və ya Ukraynaya hərbi dəstək – işə salınmadı. Tramp söhbətdən sonra sanksiyalar barədə sadəcə qeyd etdi ki, "ola bilər, bunun vaxtı gəlsin".

Zelenskidən cavab

Prezident Vladimir Zelenski həmin gün Trampla iki dəfə danışdı və diplomatik, lakin ziddiyyətli bəyanat yaydı. O, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırdı – əgər Rusiya hücumları dayandırmasa – və ABŞ ilə Avropanın mütləq iştirakı ilə neytral ölkələrdə sülh danışıqları təklif etdi.

"Hamımız üçün çox vacibdir ki, Birləşmiş Ştatlar danışıqlardan və sülhə nail olmaq səylərindən uzaqlaşmasın, çünki bundan yalnız Putin faydalanacaq. Bu, həlledici məqamdır. Dünya indi görə bilər ki, liderlər doğrudan da atəşkəsi təmin edə və həqiqi, uzunmüddətli sülhə nail ola bilərlərmi", – deyə o bildirdi.

Tramp özünü sülhməramlı kimi təqdim edir:

"Bütün həyatım sövdələşmələr kimi olub – böyük bir sövdələşmə".

Lakin onun vəzifəyə başlamasından bu yana vəziyyət yalnız pisləşib: Ukraynada müharibə davam edir, Qəzzada isə İsrail yeni hücuma başlayıb. Tramp Qəzzadan bir girovun azad olunması ilə öyündü, amma münaqişənin həllində aktiv iştirakını dayandırdı. Hindistan və Pakistan arasında eskalasiyanın dayandırılması ilə bağlı bəyanatı da təsdiqini tapmadı.

Bütün bu müharibələr dərin tarixi köklərə malikdir və Trampın səthi səyləri kifayət etmir.

Nüfuzlu görünmək cəhdləri

"Məncə, Putin bunu etmək istəyir... əgər prezident Putinin bunu (müharibəni. - Qaynar.) dayandırmaq istəmədiyini düşünsəydim, bu barədə ümumiyyətlə danışmazdım", – deyə Tramp bildirib.

Amma reallıq fərqlidir. Putin "müharibənin əsas səbəbləri" haqqında danışır ki, buna da denasifikasiya və Ukraynanın suverenliyinin məhdudlaşdırılması daxildir – bu isə Ukraynanın müstəqilliyi ilə uyğun gəlmir.

Yəni, Putin sülh istəyir, lakin yalnız Ukraynanın müstəqil dövlət kimi qəbul edə bilməyəcəyi şərtlərlə.

Xatırladaq ki, mayın 19-da ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb, bundan sonra Kremlin rəhbəri Putinlə əlaqə saxlayıb.

İki saat davam edən söhbət zamanı onlar müharibənin dayandırılması və Vaşinqtonla Moskva arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sonradan Tramp sosial şəbəkədə yazıb ki, Rusiya və Ukrayna atəşkəs və müharibənin başa çatması ilə bağlı "dərhal" danışıqlara başlayacaqlar və bu şərtlər tərəflər arasında müzakirə olunacaq.

Onun bəyanatında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı heç nə yer almır – halbuki Rusiya təkrarən onun təklif etdiyi atəşkəsi rədd edib.

Eyni zamanda ABŞ mediası yazır ki, Tramp sülh sazişindən uzaq durmağa çalışır, çünki Ukraynada müharibəni dayandıra bilmədiyini anlayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->