ABŞ prezidenti Donald Tramp dünən gecə "Truth Social" platformasında etdiyi paylaşımlarla tanınmış musiqiçiləri hədəfə alıb.
Qaynarinfo xəbər verir ki, o, Teylor Svift, Beyons, Opra Vinfri, Brus Sprinqstin və Bono kimi məşhurları ABŞ keçmiş vitse-prezidenti Kamala Harrisin seçki kampaniyasına dəstəklərinə görə "siyasi korrupsiyaya qarışmaqda" ittiham edib və bu şəxslərə qarşı "genişmiqyaslı istintaq"ın başlana biləcəyini bildirib.
Tramp bu adların Harrisin kampaniyasına dəstəyini və seçki tədbirlərində iştirakıını qanunsuz adlandırıb. Hələlik məşhur adlardan heç biri Trampın açıqlamalarına cavab verməyib. ABŞ mediası isə bildirir ki, Trampın bu çıxışından sonra həmin şəxslər hüquqi araşdırmalarla üzləşə bilərlər.
Nə qədər ödəniş edilib?
Tramp platformada paylaşdığı mesajında yazıb:
"Kamala Harris prezidentlik kampaniyası zamanı Brus Sprinqstinə nə qədər ödəniş edib? Bu, böyük və qeyri-qanuni bir kampaniya ianəsi deyilmi? Bəs Beyonsa, Opraya və Bonoya nə qədər ödənilib?"
"Axios"un məlumatına görə, hüquq ekspertləri Trampın bu açıqlamalarını 2024-cü il seçki kampaniyasının bir hissəsi kimi qiymətləndirir və hesab edirlər ki, bu, məşhurların siyasi təsirini zəiflətmək məqsədi daşıyır. Demokrat Partiyasının nümayəndələri isə Trampın iddialarını "əsassız" adlandırıblar.
Trampın çıxışı Brus Sprinqstinin bir neçə gün öncə ABŞ rəhbərliyini "korrupsiyalaşmış, bacarıqsız və vətənə xəyanət etmiş" adlandırmasından sonra gəlib. Tramp isə buna cavab olaraq Sprinqstini "içiboş bir avara" və "köhnəlmiş rokçu" kimi təhqir edib.
İstintaq başlana bilər
"Newsweek" yazır ki, Trampın məşhurları hədəf göstərməsindən sonra onlar hüquqi istintaqlarla üzləşə bilərlər. Məsələn, Harrisin kampaniyasından pul almadığını iddia edən Beyons ən yaxşı halda vergi pozuntusu ilə ittiham oluna bilər.
Tramp son açıqlamalarında Svifti açıq şəkildə korrupsiyada ittiham etməsə də, ABŞ mediası hesab edir ki, Trampın ümumi istintaq çağırışı onu da əhatə edə bilər. Svift daha əvvəl Trampı kampaniya dövründə "mütəmadi olaraq yalan danışmaqda" ittiham etmişdi.
Rəsmi qeydlər iddiaları təkzib edir
Federal Seçki Komissiyasına görə, Kamala Harris-in kampaniya komandası Beyonsun prodüser şirkəti "Parkwood Production Media LLC."yə 165 min dollar, Opra Vinfrinin şirkətinə 1 milyon dollar, Sprinqstinin şirkətinə isə 75 min dollar ödəyib.
Digər tərəfdən, Beyonsun anası Tina Noulz mətbuata açıqlamasında bildirib ki, qızı Harrisin mitinqində pulsuz çıxış edib və bütün xərcləri özü qarşılayıb.
Teylor Svift-Tramp qarşıdurması
Trampın məşhurlarla yaşadığı gərginliklər tək bu hadisə ilə məhdudlaşmır. O, bir neçə gün əvvəl "Teylor Svift artıq populyar deyil" sözləri ilə yeni mübahisə başlatmışdı. Halbuki Svift 2 milyard dollardan çox gəlir gətirən Eras turu və 14 "Qremmi" mükafatı ilə ABŞ musiqi tarixində önəmli yer tutur.
Svift 2020-ci il seçkilərində Co Baydeni, bu il isə Kamala Harrisi dəstəklədiyini açıq şəkildə bəyan etmişdi. O, Trampı ABŞ üçün "yanlış seçim" adlandırmışdı.
Trampdan yeni tələblər
Tramp Federal Seçki Komissiyasının seçki tədbirlərində məşhur performanslara hüquqi baxışı ilə bağlı yeni müzakirə yaradıb. Onun fikrincə, Demokratların nəzarətində olan Komissiya, kampaniyalar zamanı məşhurlara verilən qeyri-qanuni vəsaitləri görməməzlikdən gəlir.
Komissiya hələlik Trampın ittihamlarına dair rəsmi açıqlama verməyib. Harrisin kampaniya nümayəndələri isə məşhurların performansları üçün edilən bütün ödənişlərin tamamilə qanuni və şəffaf şəkildə sənədləşdirildiyini bildiriblər.
Aydın
Şərhlər