"ABŞ Ukrayna müharibəsinin dayandırılmasında maraqlı deyil. Ona görə danışıqlar da formal xarakter daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin suverenliyini qətiyyətlə müdafiə etməsi fonunda Trampın onu və Kiyevi cəzalandırması ehtimalını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, Tramp heç kimi, o cümlədən Zelenski və onun ölkəsini cəzalandırmayacaq:
"Sadəcə olaraq, proseslə bağlı Amerikanın öz maraqları var və onlar öz maraqları çərçivəsində hərəkət edirlər. Əslində Amerika müharibənin dayandırılmasında maraqlı deyil. Ona görə də Ukrayna üzrə danışıqlar prosesi formal xarakter daşıyır. Müharibə davam edəcək. Rusiya danışqlardan, müharibənin dayandırılmasından qaçır. ABŞ-a da bunu təsdiqləmək üçün əsas lazımdır. Bu isə ABŞ hökumətinə əsas verir ki, hərbi yardım və hərbi xərcləri artırsın. Bu, onlar üçün çox vacibdir".
Qeyd edək ki, Trampla Putin arasında baş tutan danışıqlardan sonra ABŞ prezidenti ukraynalı həmkarı Zelenski ilə də telefon əlaqəsi saxlayıb.
Ukrayna prezidenti Rusiya ilə mümkün sülh sazişi üzrə memorandum barədə açıqlama verərək deyib ki, Kiyev öz ərazisindən ordunu çıxarmayacaq və Rusiyanın ultimatumlarına boyun əyməyəcək:
"Bu, mənim konstitusion borcumdur - dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq. Ordumuzun da əsas vəzifəsi budur. Hazırda bəzi ərazilər işğal altındadır, lakin heç kim öz torpağını, öz xalqını güzəştə getməyəcək".
Rüfət Sultan
Şərhlər