Everest zirvəsi uzun illərdir ki, macəra və sınaq axtaran insanların diqqət mərkəzindədir. Hər il yüzlərlə alpinist bu zirvəyə qalxmaq üçün müraciət edir. Lakin bu yol təkcə fiziki hazırlıq deyil, həm də ciddi maliyyə planlaması tələb edir. İştirakçılar təkcə dağa yox, eyni zamanda mürəkkəb logistika və yüksək xərclərlə üz-üzə qalırlar. Bəs 2025-ci ildə Everest dağına qalxmaq üçün nə qədər vəsait tələb olunur?
Valyuta.az Everest dağına qalxmaq üçün lazım olan maliyyəni araşdırdı:
Səfər xərcləri
Everest ekspedisiyasına gedən yol səfərlə başlayır və bu mərhələnin xərcləri yaşadığınız ölkəyə, səyahət üslubunuza və seçdiyiniz marşruta görə dəyişir. ABŞ-dən Nepala gediş-dönüş təyyarə bileti təxminən 1,500-7,000 dollar, təxminən (2,550-11,900 manat) təşkil edir. Katmandu ilə Lukla arasında daxili uçuş isə əlavə 400 dollar, yəni (680 manat) xərclə başa gəlir. Katmanduda otel və yemək üçün 300-700 dollar (510-1,190 manat), viza haqqı 125 dollar (213 manat), peyvəndlər üçün isə 200 dollar (340 manat) ödəmək lazımdır.
Everest Baza Düşərgəsinə (EBC) çatmaq üçün trek xərcləri, dağ evlərində qalmaq və yeməklər daxil olmaqla 1,240-1,800 dollar (2,108-3,060 manat) təşkil edir. Daşıyıcılar və yaklar vasitəsilə avadanlıqların daşınması da əlavə olaraq 1,000-2,000 dollar (1,700-3,400 manat) arasında dəyişir.
Bu mərhələnin ümumi səfər xərcləri təxminən 2,525-8,425 dollar (4,292-14,322 manat) aralığında olur.
İcazələr və sığorta
2025-ci ilin sentyabrından etibarən Nepal hökuməti Everestə qalxmaq üçün fərdi icazənin qiymətini 11,000 dollardan 15,000 dollara (18,700-25,500 manat) qaldıracaq. Bu icazə yalnız dağa çıxmaq hüququ verir; bələdçi və digər xidmətlər daxil deyil. Bundan başqa, hər komanda üçün yerli şirkətin təşkilatçılıq haqqı, zibil və tullantı depoziti və əlaqələndirici zabit xidmətləri daxil olmaqla təxminən 13,500 dollar (22,950 manat) ödənilməlidir.
Tibet tərəfindən dağa çıxmaq istəyənlər üçün isə bir nəfərlik komanda üzvü üçün icazə haqqı 15,800-18,000 dollar (26,860-30,600 manat) təşkil edir. Əlavə olaraq, təxliyə və tibbi sığortalar, hava proqnozu xidmətləri və puja mərasimi üçün ödənişlər də bu mərhələyə daxildir. Bütün bu xərcləri nəzərə aldıqda, ümumilikdə icazə və sığorta üçün 9,950-29,500 dollar (16,915-50,150 manat) büdcə tələb olunur.
Avadanlıq və ləvazimatlar
Everestə qalxmaq üçün zəruri olan bütün avadanlıqları əldə etmək vacibdir. Bu kateqoriyaya yüksək dağ geyimləri, çadırlar, yemək, yanacaq və tibbi ləvazimatlar daxildir. Alpinistlərin 98%-i əlavə oksigen istifadə edir. Oksigen balonları (beşi minimum) üçün 3,000 dollar (5,100 manat), maska və tənzimləyici üçün isə ayrı-ayrılıqda 500 dollar (850 manat) tələb olunur.
Yüksək keyfiyyətli alpinist geyim dəstləri və digər avadanlıqlar üçün orta hesabla 19,000 dollar (32,300 manat) xərclənir. Peyk telefonları, tibbi çanta və şerpa (yerli dağ bələdçiləri) avadanlıq təminatı da nəzərə alındıqda, ümumi avadanlıq və ləvazimat xərcləri 5,000-30,000 dollar (8,500-51,000 manat) aralığında dəyişir.
Bələdçi və ekspedisiya xidmətləri
Əgər tam dəstəklə bir ekspedisiyaya qoşulmaq istəyirsinizsə, bu mərhələdə xərclər daha yüksək olur. Yerli Nepal şirkətlərinin şerpa dəstəyi ilə ekspedisiyaları 35,000-45,000 dollar (59,500-76,500 manat) civarındadır. Şerpa rəhbərliyi ilə təşkil olunan ekspedisiyalar isə təxminən 54,000-55,000 dollar (91,800-93,500 manat) səviyyəsindədir.
Qərbli bələdçi ilə kommersiya ekspedisiyaları üçün 70,000-100,000 dollar (119,000-170,000 manat), şəxsi Qərbli bələdçi ilə isə 120,000-175,000 dollar (204,000-297,500 manat) büdcə tələb olunur.
Lüks ekspedisiyalar, məsələn, "Seven Summits Treks" və "Furtenbach Adventures" tərəfindən təklif olunan VIP xidmətlər isə 200,000-1,000,000 dollar (340,000-1,700,000 manat) arasında dəyişir. Bu ekspedisiyalarda beşulduzlu şərait, gündəlik helikopterlə ərzaq çatdırılması, limitsiz oksigen, fərdi şerpa və ekspedisiya sənədli filmi də daxil olur.
Ümumi hesablasaq, Everestə qalxmaq üçün minimal və təhlükəsiz səviyyədə büdcə təxminən 45,000-60,000 dollar (76,500-102,000 manat) arasında dəyişir. Daha təcrübəli, fərdi yanaşma və yüksək komfort axtaranlar üçün isə bu məbləğ 100,000-200,000 dollar (170,000-340,000 manat) və daha yuxarı ola bilər.
Şərhlər