Xəbər lenti

Son zəngin formatı necə olmalıdır? - Ekspert
Ölkə 16:47 20.05.2025

Son zəngin formatı necə olmalıdır? - Ekspert

İyunun 14-də orta məktəblərdə Son zəng keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Son zəng orta məktəblərdə prinsip etibarı ilə saxlanıla bilər:

"Çünki bu hər şagirdin həyatında bir dəfə olan hadisədir. Demirəm ki, olmazsa-olmaz, yaxud da  keçirilməsi mütləq mənada vacib hadisədir və s. xeyir, hər bir halda tədbirin qalması pis olmaz. Tam şəkildə bu məsələdə radikal mövqe tutmuram. Məsələnin əsas kökü bu olmalıdır ki, "Son zəng”in proqramında, mahiyyətində ciddi dəyişikliklər olmalıdır".

Elmin Nuri hesab edir ki, indiki formatda olan Son zənglər o qədər də zəruri deyil:

"Bir dəfə Bakıda 226 saylı orta məktəbin Son zəngində iştirak etdim. Direktor şəhid anası Arzu Məmmədova idi. Onun təşkilatçılığı ilə keçirilən tədbirdən zövq aldım, vətənpərvərliklə, milli özünüdərklə bağlı uşaqlar gözəl səhnəciklər hazırlamışdı. Son zəngin bir qaydası var. Hər məzun bir proqram hazırlayır. Bütün məzunların proqramları vətənpərvərliyə yönəlmişdi. Amma iştirak etdiyim başqa Son zəng tədbirlərində istəmişəm ki, tədbir tez başa çatsın. Bir-biri ilə əlaqəsi olmayan bayağı musiqilər, ümumiyyətlə, məzmunsuz xətt, bəsit proqramlar məndə təəssüf doğurub".
 


Elmin Nurinin fikirincə, Son zəng tədbirlərinin xüsusi proqramları mütəxəssislər tərəfindən olmasa da, ən azından yaradıcı qabiliyyəti olan şəxslər tərəfindən hazırlanmalıdır:

"Bu proqram həmçinin məktəb rəhbərliyi, pedaqoji şura tərəfindən təsdiq olunmalıdır. Həmin senaridə vətənpərvərliklə bağlı səhnəciklər yer almalıdır. Tədbirin müddəti 1 saatı keçməməlidir. Burada musiqi seçiminə xüsusi diqqət yetirilməlidir. Son zənglər bayağı musiqi nömrələri ilə yadda qalır. Bunu həmçinin universitetlərdə keçirilən "Məzun günü”nə də aid etmək olar. Bu istiqamətlər Son zəng tədbirlərində öz əksini tapmalıdır".

Ekspert Son zənglərdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməli olduğunu da əlavə edib:

"Dövlət bu istiqamətdə ciddi addımlar atır. Amma Son zəngin qeyri-rəsmi hissəsi artıq valideynlərin nəzarətində olmalıdır. Məktəb durub bunu qeyd edən şagirdlərə nəzarət edə bilməz. Buna fiziki imkan da çatmır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->