İsrail 60 il əvvəl Suriyada edam edilmiş İsrail casusu Eli Koxenlə bağlı arxiv materiallarını gizli əməliyyatla ölkədən çıxarıb və ailəsinə təqdim edib.
Qaynarinfo xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, 18 may 1965-ci ildə edam edilən Eli Koxenə dair təxminən 2.500 sənəd, fotoşəkil və şəxsi əşya Suriya arxivindən İsrailin kəşfiyyat xidməti "Mossad" tərəfindən gizli şəkildə ölkəyə gətirilib.
Bu məlumat Koxenin edamının 60-cı ildönümünə təsadüf edən bir mərasimdə elan edilib. Tədbirdə Netanyahu və "Mossad" direktoru David Barnea əldə edilən materialları Koxenin həyat yoldaşı Nadiya Koxenə təqdim ediblər. Arxivdə casusun ailəsinə yazdığı əl yazısı məktublar, vəsiyyətnaməsi, Suriyanın yüksək rütbəli rəsmiləri ilə əlaqələrinin sübutları, casusluq fəaliyyəti zamanı çəkilmiş fotolar və saxta pasportlar yer alır. Əməliyyatın xarici bir kəşfiyyat təşkilatının dəstəyi ilə həyata keçirildiyi bildirilib.
"Mossad" direktoru David Barnea bu əməliyyatı "Koxenin Şamda harada dəfn edildiyini müəyyənləşdirməyə yönəlmiş araşdırmada növbəti addım" kimi dəyərləndirib. Qeyd edək ki, "Mossad" ötən həftə də 1982-ci ildə öldürülən İsrail əsgərinin cəsədini Şamda yerləşdiyi məzardan çıxararaq İsrailə gətirmişdi.
"Kamal Emin Sabit" kod adlı casus
İsrailin ən əhəmiyyətli casuslarından biri sayılan Koxen 1962-1965-ci illərdə "Kamal Emin Sabit" adı ilə Şamda fəaliyyət göstərib. Misir yəhudisi olan Koxen əvvəlcə Argentinada yaşayıb, sonra isə özünü Suriyaya köçmüş ərəb iş adamı kimi təqdim edərək, ölkənin siyasi və hərbi elitasına yaxınlaşmağı bacarıb.
Müdafiə Nazirliyindəki əlaqələri vasitəsilə bütün bölgəni dolaşan Koxen Suriyanın İsrailə qarşı planlarını, pusqularını və logistik yollarını "Mossad"a ötürüb. Bu məlumatların 1967-ci ildə baş vermiş Altı günlük müharibədə İsrail üçün mühüm rol oynadığı hesab edilir.
Həyatı seriala çevrilmişdi
Koxen Şamda ordu qərargahına yaxın bir ərazidə yaşadığı üçün radiotezliklə mesaj ötürərkən diqqət çəkməmişdi. Lakin bir gün Suriya ordusu Sovet İttifaqından aldığı yeni rabitə cihazlarını sınaqdan keçirmək məqsədilə bir günlük əlaqəni kəsmişdi. Bu zaman Koxenin göndərdiyi siqnallar müəyyən olunaraq onun ünvanına basqın edilmiş və o həbs olunmuşdu.
Eli Koxenin həyatı 2019-cu ildə "The Spy" adlı serialda ekranlaşdırılmışdı.
Aydın
Şərhlər