İsveçrənin məşhur turizm bölgəsi olan Leşental vadisində, Valais Alplarının şimal sərhədində yerləşən Blatten kəndi nəhəng torpaq sürüşməsi təhlükəsi səbəbindən tamamilə təxliyə olunub.
Qaynarinfo xəbər verir ki, təhlükəsizlik məqsədilə təxliyə qərarı verildikdən sonra təxminən 300 nəfər sakin 90 dəqiqə ərzində evlərini tərk etməli olub.
Şveytsariya geoloqları müəyyən ediblər ki, demək olar 4000 metr hündürlüyündəki Biçhorn zirvəsinin ətəyindəki qayalı çıxıntıdan əlavə milyonlarla kubmetr həcmində qaya parçaları qoparaq vadinin dibinə düşə bilər.
Qaya sürüşməsi artıq bir həftə əvvəl başlayıb. Təxminən 1,5 milyon kubmetr qayalı material vadiyə axsa da, bu kütlənin əhəmiyyətli hissəsi təbii qayalar tərəfindən saxlanılıb. Lakin təhlükə hələ də qalır: ən pis ssenariyə görə, əlavə 3,5 milyon kubmetr qaya kütləsi Blatten kəndi istiqamətində vadiyə çökə bilər.
Regional qərargahın nümayəndəsi Mattias Ebenner bildirib: "Qayaların çökməsi an məsələsidir".
İlk evlərin təxliyəsi hələ həftəsonu başlamışdı. Dünən axşam isə daha bir böyük sürüşmə baş verib: 200 min kubmetrə yaxın qaya parçaları bir çatlaqdakı buzlaqdan keçərək vadiyə axıb. Hadisədən sonra bölgədə nisbi sakitlik müşahidə olunsa da, təhlükə hələ tam sovuşmayıb.
"Vəziyyət çox ciddidir. Biz ən pis ssenariyə hazırlaşırıq", deyə regional qərargah "20 Minuten" portalına açıqlama verib.
Blatten bələdiyyəsinin nümayəndəsi Yonas Yaytsiner qeyd edib: "Böyük sürüşmə hələ baş verməyib, amma biz onun olmasını gözləyirik".
Valais kantonunun təbii fəlakətlər üzrə idarəsinin eksperti Alban Brigger isə xəbərdarlıq edib: "Ən pis halda ümumilikdə 5 milyon kubmetr qayalıq material sürüşə bilər".
Belə bir sürüşmə Blatten kəndinə böyük ziyan vura, hətta onu tamamilə məhv edə bilər.
Dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Blatten kəndi hazırda tamamilə boşdur – bölgədə turistlər qalmayıb. Rəsmilər sabah jurnalistlər üçün brifinq keçirərək vəziyyətlə bağlı ətraflı məlumat verməyi planlaşdırırlar.
Aydın
Şərhlər