"Koçaryanın bu aktivliyi 2026-cı ildə Ermənistanda olacaq seçkilərlə bağlıdır"
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov son zamanlar Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi səhnədə aktivləşməsinin səbəblərindən danışarkən deyib.
Ceyhun Məmmədov bildirib ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək:
"Ermənistan daxilində indi yaşanan gərginliyin əsas səbəblərindən biri də məhz seçkilərə hazırlıqdır. Bu müstəvidə Robert Koçaryan yenidən fəallaşıb, tez-tez müsahibələr verərək müxtəlif bəyanatlarla çıxış edir. Çıxışlarında Ermənistanın gələcəyinin Rusiya ilə ittifaqda olduğunu davamlı olaraq vurğulayır. Koçaryanın kim olduğu hər kəsə bəllidir. O, Qarabağda agent kimi keçmiş KQB-nin azərbaycanlılara qarşı nifrətin qızışdırılmasında əsas füqurlardan biri olub. Azərbaycan torpqlarının işğalında əsas rol oynayan şəxsdir. On minlərlə azərbaycanlının qanına əli batıb".
Deputat qeyd edir ki, Koçaryan bu cür bəyanatlarla Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişə, yenidən hakimiyyətə gələ, Ermənistanda revanşizmi gücləndirə biləcəyinə ümid edir:
"Ona görə də bu sayaq bəyanatlar verməklə növbəti seçkilərdə etimad qazanmağa çalışır. Bu müstəvidə də o, Rusiyaya arxalanır. Amma reallıq odur ki, ermənilər artıq Koçaryanın kim olduğunu bilir. Ona görə də Ermənistan siyasətində Koçaryan kimilərinə artıq yer yoxdur. Onun yenidən hakimiyyətə gəlməsinin heç bir perspektivi yoxdur. Zaman gələcək, Koçaryan da Azərbaycana gətirilərək məhkəmə qarşısında cavab verəcək".
Qeyd edək ki, son dövrlər Ermənistanda keçmiş prezidentlər Sarkisyan və Koçaryan siyasi səhnədə yenidən aktivlik nümayiş etdirirlər. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan mətbuata verdiyi son açıqlamasında Rusiya ilə münasibətləri bərpa etməyin vacib olduğunu bildirib. İddia edib ki, Türkiyənin Cənubi Qafqazda irəliləməsinin qarşısını yalnız Rusiya ala bilər. Ona görə də o, strateji, tərəfdaşlıq və müttəfiqlik baxımından Rusiya ilə əlaqələri bərpa etməyi lazım bilib.
Rüfət Sultan
Şərhlər