Türkiyə Super Liqasının çempionu olan "Qalatasaray" növbəti mövsümdə UEFA Çempionlar Liqasında iddialı bir heyət qurmaq məqsədilə transfer çalışmalarını davam etdirir.
Qaynarinfo xəbər verir ki, klubun gündəmində isə "Mançester Siti"nin ulduz futbolçusu Bernardo Silva var. Portuqaliyalı oyunçuya ediləcək təklifin detalları üzə çıxıb.
Məqsəd: Yeni "maestro"
"Kayserispor" qarşısında əldə edilən qələbə ilə çempionluğu rəsmiləşdirən "Cim-Bom" heyətini gücləndirmək üçün Avropanın tanınmış ulduzları ilə danışıqlara başlayıb. Dires Mertensin ayrılmasından sonra onun yerini dolduracaq yeni oyun qurucusu axtarışında olan "Qalatasaray" hədəfini Bernardo Silva olaraq müəyyən edib.
Qvardiolanın sevimlisi gündəmdə
Hazırda "Mançester Siti" ilə 2026-cı ilə qədər müqaviləsi olan Silva Premyer Liqadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşamaqdadır. Ulduz futbolçunun yeni bir meydan oxumağa hazır olduğu bildirilir. O, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın sevimli oyunçusu kimi tanınır.
"Qalatasaray" prezidenti Dursun Özbək Silvanın İstanbula gəlməsi üçün aparılan danışıqlarda birbaşa iştirak edir və bu çərçivədə klubun rəsmi transfer təklifi də ortaya çıxıb.
Rəddedilməsi çətin təklif: 3+1 illik müqavilə
"Sarı-qırmızılılar" Bernardo Silvaya 3+1 illik cazibədar müqavilə təklif etməyə hazırlaşır. Təklifin maddi şərtlərinin rəddedilməsi çətin səviyyədə olduğu bildirilir.
Təcrübə və texniki bacarıq
Çox yönlü oyunu ilə seçilən Bernardo Silva həm yarımmüdafiənin mərkəzində, həm də cinahlarda effektiv çıxış edə bilir. Oyun qurma bacarığı, texniki səviyyəsi və asist etmə qabiliyyəti ilə fərqlənən futbolçu, "Qalatasaray"ın oyun sistemində önəmli rol oynaya bilər.
"Barselona" və "Benfika" da maraqlanır
Silva ilə yalnız "Qalatasaray" maraqlanmır. Onun yetişdiyi klub olan "Benfika" və İspaniya nəhəngi "Barselona" da ulduz futbolçunu gündəmlərinə alıb. Lakin "Benfika"nın Silvanın tələb etdiyi maaşı ödəməkdə çətinlik çəkəcəyi vurğulanır.
Türkiyə ilə bağlı məlumat toplayır
"Qalatasaray"ın marağından sonra Bernardo Silva daha əvvəl Türkiyədə oynamış portuqaliyalı futbolçularla görüşərək həm İstanbul, həm də "Qalatasaray" haqqında ətraflı məlumat alıb. Onun son qərarını yaxın həftələrdə verməsi gözlənilir.
Aydın
Şərhlər