"Bu, hazırkı dövr üçün Rusiyanın ən böyük qazancıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının nəticələrini şərh edərkən deyib.
Fərhad Məmmədovun sözlərinə görə, telefon danışığından sonra verilən bəyanatlara baxsaq görərik ki, Trampın burada əsas strategiyası ABŞ və şəxsən özünün üzərində minimal məsuliyyətin olmasına çalışmaqdır:
"Ona görə də o, bir çox məsələlərdə israr etmir və Ukraynanı vadar edir ki, kompromisə getsin. Trampın əsas strategiyası atəşkəsə nail olmaqdır. Amma Kiyevlə Moskva arasında atəşkəs şərtlərilə bağlı prinsipial ziddiyyətlər mövcuddur. Rusiya daha çox qoparmaq istəyir. Ukrayna isə daha az vermək niyyətindədir. Avropa ölkələri də məyusdurlar. Çünki indiki halda onlar Rusiya ilə bağlı ABŞ-dan istədiklərini ala bilmir. Avropa Rusiyaya münasibətdə daha kəskin mövqeyin sərgilənməsini istəyir".
Həmsöhbətimiz qeyd edir ki, Tramp yaxın 2-4 həftə ərzində ABŞ-ın danışıqlarda hansı formada iştirak edəcəyilə bağlı qərar verəcəyini diqqətə çatdırıb:
"Yəni ABŞ-ın istədiyi nailiyyətlər olmasa, böyük ehtimalla onlar danışıqlar prosesindən kənara çəkiləcək və Moskvaya qarşı hər hansı bir addım atmayacaqlar. Bu da hazırkı dövr üçün Rusiyanın ən böyük qazancıdır".
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Danışıqlar 2 saatdan artıq davam edib.
Rusiya prezidentinin köməkçisi Uşakov vurğulayıb ki, telefon danışığı açıq və konstruktiv olub, qarşılıqlı hörmət şəraitində keçib. Putin və Tramp Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
ABŞ prezidenti Tramp da açıqlamasında Putinlə danışıqların çox yaxşı keçdiyini bəyan edib və bildirib ki, Ukrayna ilə Rusiya döyüşləri dayandırmaq üçün gözləmədən danışıqlara başlayacaqlar.
Putin isə danışıqlardan sonra verdiyi açıqlamada Rusiyanın hərbi əməliyyatları dayandırmağa tərəfdar olduğunu deməklə yanaşı, sülhə doğru hərəkət etməyin ən təsirli yollarını hazırlamağın vacibliyini də qeyd edib. Putin deyib ki, ölkəsi Ukrayna ilə memorandum üzərində işləməyə hazırdır. Sonda isə vurğulayıb ki, Rusiya və Ukrayna hər iki tərəfi qane edən kompromislər tapmalıdır.
Rüfət Sultan
Şərhlər