(Robikin mal bazarından alınması boyu)
(II hissə)
Dəmir kişi evdən çıxıb üzüyuxarı kəndin mərkəzinə, çayxanaya tərəf gedirdi ki, yarıyolda kəndçisi Bayrama rast gəldi. Onlar söhbət eləyə-eləyə gəlib çayxanaya çatdılar.
Dəmir çayçıya:
- Qağa, bir çaynik kəkotulu çay dəmlə ver! – deyib stula yayxandı. Sonra üzünü Bayrama tutub biraz aralıda ağacın dibindəki stolda domino oynayan qonşusunu göstərərək dedi: - Sən canın, fikir ver, Məsimin başı açılan kimi yanımıza çağıraq, görək o nə məsləhət görür. Üzü qonşu stola tərəf oturan Bayram:
- Aəə, narahat olma, - dedi, - dominodan çıxan kimi elə özü gələcək yanımıza.
Çayxanaya gələndə Dəmir yol boyu Bayrama robot alıb mal-qara saxlamaq fikrini demişdi. Həm də Səlimin oğlu proqramist Elgünü çayxanada görmək istədiyini bildirmişdi.
Bayramın uzaqdan əl eləməyi ilə qonşu Məsim gəlib görüşdü və onlarla birgə çay içəsi oldu. Dəmir yüngül hal-əhvaldan sonra söhbəti tezcə robot məsələsinin üstünə gətirdi:
- Qonşu, bayaq Bayrama demişəm, istəyirəm mən də robotlu mal-qaraya keçəm, ağlın nə kəsir?
Məsim sifətinə bu işin bilicisi görkəmi verərək məsləhət tonunda:
- Dəmir, canımçün, eşidəndə ki, biryolluq kəndə yığılmısan, bunu elə sənə mən də demək istəyirdim. Əlbəttə, kəndçi oldunsa, gərək mal-qaran da ola. Mal-qara indiki zamanın valyutasıdı, istənilən vaxt sat, dərdinə-azarına ver. Allaha şükür, çoban robotlar da çıxıb. Əla fikirdi, bəyənilsin! Robot səhər malını aparacaq örüşə, otarıb axşam gətirəcək evə, sən də əlin-ayağın təmiz yaşayacaqsan. Mənim robotuma Elgün yeni proqram yüklədi, indi malın altını da kürüyür. Lazım olanda peyini arabaya yığıb bağa, ağacların dibinə verir.
- Həə, elə mən də Elgünü aparmaq istəyirəm bazara, - Dəmir dilləndi, - dedim bəlkə buralara gəldi.
- Harda olsa gəlib çıxacaq, - Məsim qonşusuna təskinlik verdi, - sabah da altıncı gündü, mal bazarı olacaq, istəsən sizi öz maşınımla apararam, azdan-çoxdan mənim də başım çıxır mal-qaradan, - deyib gülümsündü.
Dəmir sevincək:
- Ay nə gözəl olardı, elə bir yerdə gedərdik, xəcalətindən də çıxacam, qonşu, – söylədi. Və əlini çayxananın girişinə tərəf uzadaraq: - Odu bax, adını çək qulağını bur, Elgün də gəlib çıxdı – deyə, sevinmiş əlavə etdi. Tezcə ayağa dikəlib: - Elgün, zəhmət olmasa burdan gəl,- deyərək, gənc proqramistə əl elədi.
Dəmirin bu dəvətini eşidən Elgün öz dostu ilə onların stoluna yaxınlaşdı.
- Oturun bizimlə, indi bir kəkotulu çay deyəcəm, - dedi və üzünü Elgünə tutub: - Səninlə bir yaxşı söhbətim var – deyə əlavə elədi.
Elgünün qımışmağından bilinirdi ki, o, Dəmirin fikrini göydə oxuyub.
***
Səhər tezdən Məsim kişi Dəmirlə Elgünü rayondakı mal bazarına apardı. Dəmir əvvəlcə çoxdan görmədiyi bazarı hərlənməyə başladı. Adından da bilindiyi kimi, burda inək, dana, qoyun, keçi, at kimi heyvanlar satılırdı. Bazarın təbiiliyi, adam səsinin mal səsinə qarışması illərlə şəhərdə yaşayan bu kəndçi balasını xoşhal etmişdi. Ancaq atların yanından keçəndə xeyli kədərləndi, çünki Məsim dünən çayxanada demişdi ki, robotlar çıxandan, demək olar, at alıb saxlayan yoxdu.
Bu yüngül gəzintidən sonra üçü də, bazarın yuxarı başında quraşdırılmış konteyner tərəfə, robotlar satılan yerə getdilər. Robot satan ucaboylu kişinin səsi uzaqdan eşidilirdi:
- Çoban robota gəlin, çoban robotdan qalmadı! Qoyun otaran, dana haylayan, canavar qovan robota gəlin, robotdan qalmadı haaa!
Dəmir irəli atılıb dərhal mətləbə keçərək:
- Ay qardaş, bizə bir inək, bir dəstə də qoyun otaran lazımdı, bunların hansını məsləhət görərdin? – soruşdu.
Robot satan sevinmiş satışa düzdüyü robotları bir-bir göstərib: "Bu, dağlıq yerlərə yaxşıdı, bu, qoyun üçün daha əlverişlidi, çünki proqramında elə tütək səsləri var ki, axşam olanda qoyunları rahat dəstələyə bilir. Bu sortlar isə çox ağıllıdırlar, ən çox adama oxşayan da elə bunlardı. Bunlar hətta, el-obanın xeyir-şərində də iştirak edə bilirlər. Məsələn, toya getməyə vaxtın yoxdusa bunu göndərirsən, gedib toyda şənlənir, oyun havalarına oynayır, nəmər yazdırır, nə bilim, söz versələr tost da deyir.
Seçim arasında qalan Dəmirə Məsim də öz məsləhətini verəsi oldu:
- A Dəmir, ən yaxşısı bu ağıllı sortdu. Həm malını otaracaq, həm səninlə söhbət eləyəcək, lazım olanda xeyir-şərə də özünlə apara biləcəksən. İndi fikirləşirəm ki, gərək mən də bunlardan alaydım. Düzdü, məndəki də müasirdi, Elgün sağolsun, yaxşı proqramlar yüklədi, məni qane eləyir. Ancaq imkanın çatırsa gəl elə, bundan alaq sənə. Haıy, nə deyirsən, Elgün? – deyib proqramisti də söhbətə cəlb elədi.
- Dəmir dayı, - Elgün dilləndi, - Məsim əmi düz deyir, robot nə qədər müasir və güclü olsa o qədər yaxşıdı. Bu modellər təzə gəlib, çox universaldırlar. Nəinki mal otarmağı, ümmiyətlə hər şeyi bacarandılar. Götürək bir dənə bundan, peşman olmazsınız. Özü də o birilərdən çox da baha deyil, heyvanlara pulunuz qalacaqsa bundan götürək.
Dəmir satıcıya üzünü tutub: - Yaxşı, qardaş, - dedi,- onu bir dənə qoş biraz danışdıraq görək nə deyir.
Satıcı dərhal robotu ortalığa çəkib işə saldı. Robotun led işıqları yanan kimi bədəni hərəkətə gəldi. Qarşıdakı adamları görüb şirin dilini işə salmağa başladı:
- Hər birinizi xoş gördük, əziz dostlar. Siz çox alicənab və nəzakətlisiniz. Mən artıq öz sahibimi salamlaya bilərəmmi?
Satıcı tez Dəmiri ona göstərib:
- Əlbəttə! Bu gündən sənin sahibin bu kişi olacaq! – dedi.
Robot Dəmirə yaxınlaşıb əlini ona uzadaraq:
- Sizin kimi alicənab insana qulluq edəcəyimə görə özümü xoşbəxt hiss edirəm, – dedi.
Dəmir onun əlini sıxaraq:
- Mən də sənin kimi ağıllı bir varlığa sahib olacağıma görə çox sevindim, - dedi. Sonra üzünü satıcıya tutub:
- Əla, qardaş, götürürəm bunu! – söylədi. – Sən bunu qablaşdırana qədər biz gedək, inəyimizi-qoyunumuzu da alaq.
***
Günortadan biraz keçmişdi ki, Dəmirin qapısının ağzında Məsimin maşını, arxasınca da içində on beşə yaxın qoyun və bir inək olan iri kuzalı yük maşını dayandı. Dəmir cəld maşından düşüb həyət darvazasını geniş açdı. Mal-qara yüklü maşın dal-dalı həyətə daxil oldu. Onlar maşındakı xüsusi taxtaları kuzadan üzü aşağı söykəyərək malların yerə düşməsinə kömək elədilər.
Dəmirin həyat yoldaşı Aygün əvvəlcə inəyin boynunu qucaqlayıb ona xoşgəldin elədi. Sonra həyətdə mələyərək çaş-baş qalan qoyunları əzizlədi. Birdən dünənki robot söhbətini xatırlayaraq təlaşla:
- Bəs, robot hanı, robot almamısınız? - soruşdu.
Məsim onu tezcə sakitləşdirərək:
- Almışıq, ay qonşu, narahat olma, almışıq! - dedi və robotu düşürmək üçün maşının yarımaçıq qalmış baqajına doğru getdi.
Onlar köməkləşib həyətin ortasında iri karobkadan robotu çıxartdılar. Aygün sevinmiş cansız robotu qucaqlayaraq:
- Mənim gözəl Robikim! Xoş gəldin, ay Robik! – söylədi.
Elgün onlara baxıb gülərək:
- A Dəmir dayı, elə Aygün xalam yaxşı ad qoydu buna: Robik! Qoy, elə adı Robik olsun, proqramda da adını Robik qoyaram, çağıran kimi hay verəcək. Xeyirli olsun! Gedim mən də bir evə dəyim, birazdan gəlib proqramlarını nizamlayaram. Bunlara bəzi maldar şeylərini yükləmək lazımdı, qalan hər şey özlərində var, çox ağıllıdırlar.
- Yaxşı, oğlum, - Dəmir dilləndi, - mən evdəyəm, Məsim əminlə bir çay içərik, yəqin.
Məsim dərhal dilə gələrək o da başqa iş dalınca gedəcəyini bildirdi:
- Dəmir, mən də getməliyəm. Sən mal-heyvanı yerləşdir, qoy biraz həyət-bacaya öyrəşsinlər, çay içməyə vaxtımız çox olacaq. Di, allah xeyir versin! – deyib, yolda saxladığı maşınına tərəf getdi.
(ardı var)
Murad Köhnəqala
Şərhlər