Xəbər lenti

ABŞ Qırmızı dənizdə 3 qırıcısını itirdiyi təyyarədaşıyan gəmisini vətənə qaytarır
Dünya 18:06 20.05.2025

ABŞ Qırmızı dənizdə 3 qırıcısını itirdiyi təyyarədaşıyan gəmisini vətənə qaytarır

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Harry S. Truman" aviadaşıyıcısı Yaxın Şərqdəki uzunmüddətli və gərgin döyüş missiyasını başa vuraraq vətənə doğru yola çıxıb. 

Qaynarinfo xəbər verir ki, gəmi İran tərəfindən dəstəklənən husilərə qarşı əməliyyatlar zamanı baş verən bir sıra insidentlər nəticəsində üç F/A-18 Super Hornet tipli qırıcısını itirib.

Pentaqonun rəsmi nümayəndəsinin Business Insider nəşrinə verdiyi məlumata görə, "Harry S. Truman" artıq Qırmızı dənizi tərk edərək Aralıq dənizinə daxil olub və hazırda ev limanı olan Virciniya ştatındakı Norfolka doğru hərəkət edir. Gəminin konkret nə vaxt çatacağı isə hələlik məlum deyil.

NATO-nun Neapoldakı Birləşmiş Qərargahı daha əvvəl "Truman" və onun müşayiətindəki döyüş qrupunun Aralıq dənizində keçirilən dəniz təlimlərində iştirak etdiyini bildirmişdi. Yaxın günlərdə gəminin Süveyş kanalından şimala doğru hərəkəti müşahidə olunub.

"Harry S. Truman" dekabr ayında Yaxın Şərqə göndərilmişdi. Gələn aylar ərzində gəmi ciddi insidentlərlə üzləşib. Qırıcıların hər biri təxminən 60 milyon ABŞ dolları dəyərindədir.

Dekabr ayının sonunda "Truman"ın döyüş qrupuna daxil olan "USS Gettysburg" raket kreyseri, Qırmızı dəniz üzərində təsadüfən bir F/A-18 təyyarəsini vurub. ABŞ ordusu bu hadisəni "açıq şəkildə dost atəşi" kimi qiymətləndirib, lakin əlavə təfərrüatlar açıqlanmayıb.

Fevral ayında "Truman" Misirin Port-Səid şəhəri yaxınlığında böyük bir ticarət gəmisi ilə toqquşub. Gəmi zərər görüb və təmir üçün ABŞ-ın hərbi dəniz bazasına göndərilib. Bu insidentdən sonra gəminin kapitanı vəzifədən azad edilib.

Aprel ayının sonunda, Qırmızı dənizdə təyyarənin anqara aparılması zamanı bir F/A-18 və onu daşıyan avadanlıq gəmidən suya düşüb. Pilot son anda kabinədən tullana bilib. Bildirilir ki, bu zaman gəmi manevr edirdi.

May ayının əvvəlində isə daha bir F/A-18 təyyarəsi "Truman"ın göyərtəsinə enərkən təhlükəsizlik kabeli qırılıb. Nəticədə qırıcı suya düşüb. İki pilot katapult vasitəsilə sağ-salamat xilas edilib.

"Harry S. Truman" ABŞ-ın "Operation Rough Rider" adlı hərbi kampaniyasında iştirak edən iki aviadaşıyıcıdan biri idi. Bu əməliyyat Yəməndə husilərə qarşı həyata keçirilirdi. Lakin Donald Tramp administrasiyası yaxın vaxtlarda əməliyyatı gözlənilmədən dayandırıb.

"Truman"ın bölgədən çıxarılması nəticəsində hazırda Qırmızı dənizdə yalnız bir ABŞ aviadaşıyıcısı – "USS Carl Vinson" qalır. Bu gəminin aviasiya qrupuna 5-ci nəsil, xüsusi olaraq aviadaşıyıcı əməliyyatları üçün hazırlanmış F-35C tipli "stealth” təyyarələri daxildir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->