Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən "Eko Park” yaşayış kompleksinin sakinləri yaadıqları binalarda liftin işləməməsindən şikayətçidir.
Sakinlər Qaynarinfo-ya bildirib ki, mənzilə köçəndən bu yana liftlər vaxtaşırı təmirə dayanır: "Günlərlə liftsiz qalırıq. Başa düşürük texnikadır, xarab ola bilər. Amma biri var ildə bir neçə dəfə belə halla üzləşək, biri də var hər həftə, hər ay. Binanın yuxarı mərtəbələrində yaşlı, səhhətində problemlər olan sakinlər var. Lift işləməyəndə bu adamlar çörək almağa belə, düşə bilmirlər”.
Onların sözlərinə görə, komendanta bu barədə deyilsə də, heç bir tədbir görülmür: "Dəfələrlə deyirik, amma nəticəsi yoxdur. Kimə şikayət edək bilmirik”.
Sakinlər onu da qeyd edib ki, "Eko Park” faktiki olaraq sakinlərə keyifyyətsiz xidmət göstərir: "Təsəvvür edin, 1 gün işıq pulu gecikəndə, xəbərdarlıq etmədən işığı kəsirlər. Sanki binada adam yaşamır. Deyirik ki, belə olmaz. Bildiriş verin, xəbərdarlıq edin, xeyri yoxdur”.
Qaynarinfo məsələ ilə bağlı binanın Tofiq adlı komendantı ilə əlaqə saxlayıb. O əvvəlcə sakinlərin dediyini təkzib edib: "Liftdir də, texnikadır, xarab ola bilər. Amma məsələ onların dediyi kimi deyil”.
O, əməkdaşımızın "Hazırda binanın liftləri işləyirmi?” sualından yayınmağa çalışsa da, sonradan liftlərdən birinin işləmədiyini etiraf edib. Komendant liftin işləməməsini "sxeminin yanması” ilə izah edib. "Sxemi yanıb, sifariş vermişik” deyən komendant liftin nə zaman təmir olunacağı barədə heç nə deyə bilməyib: "Bu artıq bizlik deyil. Servis baxır bu işə. Sxem nə zaman gəlsə, lift təmir olunacaq”.
Komendant sakinlərə xəbərdarlıq edilmədən işığın kəsilməsi barədə iddianın da əsassız olduğunu bildirib: "Sizə doğru məlumat verməyiblər”.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.
Seyid
Şərhlər